"Əslində Tehranda farsca yayına bir az gec başladıq" - Anadolu agentliyinin rəsmisi - VİDEO
02.09.2015 16:10 Siyasi reaksiya 2086
Xəbər verildiyi kimi, dünən Tehranda Türkiyənin Anadolu agentliyinin (AA) fars dilində bölməsinin təqdimatı keçirilib.
Tədbir AA-nın baş direktor müavini Metin Mutanoğlu, İranın İRNA dövlət informasiya agentliyinin baş direktoru Məhəmməd Huddadi və başqa rəsmi şəxslərin iştirakı ilə baş tutub. Türkiyənin İran İslam Respublikasındakı səfiri Riza Hakan Tekin çıxışında bildirib ki, agentliyin fars dilində bölməsinin fəaliyyətə başlaması xalqlar arasındakı yaxınlaşmada körpü rolunu oynayacaq.
Reaksiya.az Türkiyə tərəfindən belə bir addımın atılmasının iki ölkə arasındakı münasibətlərə hansı formada təsir edəcəyini araşdırıb. Anadolu agentliyinin Asiya Qafqaz bölgəsi üzrə təmsilçisi Tolga Özgənç məsələyə münasibət bidirib.
O, əvvəlcə AA-nın farsca bölməsinin yaranması səbəblərinə aydınlıq gətirib: “Tehranda açılmış olan bölmə Anadolu agentliyinin doqquzuncu yayın dili oldu. Daha əvvəldə də nüfuzlu dillərdə yayınımızı davam etdirirdik. Əslində farsca dilində bölmənin açılmasına bir az gec başlamış olduq. Çünki İran bizim yüz illərdir sərhəd qonşumuzdur, onlarla mütəmadi olaraq ticarət əlaqələrimiz, gediş-gəlişimiz olub. Həm İran, həm də Türkiyə yerləşdikləri Yaxın Şərqdə eləcə də islam dünyasında iki lider məqamındadır. Və hər kəsin bunu qəbul etməsi gərəkir. Bu iki lider ölkənin bir-biri ilə dialoqunun olmaması düşünülənməzdi. Bu üzdən də farsca yayına başlamağı qərara aldıq”.
Tolga Özgənç həmçinin, agentliyin fars bölməsinin iki ölkə arasında nə kimi əlaqələr yarada biləcəyindən, iki ölkəyə nə kimi xeyri ola biləcəyindən də danışıb: “İlk olaraq İranda yaşayanlar Türkiyədə baş verən hadisələr haqqında məlumatları birinci əldən ən doğru formada ala biləcəklər. Yaxın Şərq imperialist güclərin hər cür fitnə-fəsad yarada bildikləri bir regiondur. Bunun qarşısını ala bilmək üçün İrandakı müsəlmanlar Türkiyədə yaşanan insanların nə düşündüyünü, nə hiss etdiyini, dünya görüşünü, Türkiyənin siyasətini ən doğru və qısa yolla Anadolu Agentliyinin xəbərlərindən öyrənə biləcəklər. Tehrandakı ofisimizdəki həmkarlarımızın farsca yazdığı xəbərlər İstanbulda türk dilinə tərcümə olunacaq. Türkiyə ictimaiyyəti də İranın siyasətini, dünyanı maraqlandıran hər hansı bir məsələdə İranın nə düşündüyünü birinci əldən, araya başqalarının düşüncələri girmədən öyrənə biləcəklər. Bu iki ölkənin, yüz illərdir birlikdə yaşayan və bir-biri ilə ayrılmayacağına inandığımız iki xalqın doğru bir şəkildə maariflənəcəyinə inanırıq. Ümid edirəm ki, bundan əvvəlki dillərdə olduğu kimi, farsca da Anadolu agentliyi istədiyi uğurları əldə edəcək”.
Şərhlər