"Azərbaycan və Rusiya bir-birinə qarşı, hətta rəqib kimi də çıxış edir" - "Bu da təbiidir"

02.09.2015 16:52     Siyasi reaksiya     2506

Tofiq Abbasov Sergey Lavrovun Bakıya səfərinin məqsədlərindən söz açıb

Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gəlib.

Səfər çərçivəsində Lavrov Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə  görüşüb. Prezidentlə görüşdə hər iki ölkə arasındakı münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyi vurğulanıb və belə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılıb.

W1siziisijiwmtuvmdkvmdevanlidwj6otb1xzawni5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=afb215208d71df05

Politoloq Tofiq Abbasov Lavrovun bu səfərinin məqsədlərindən, səfərin iki qonşu və dost ölkə üçün hansı əhəmiyyətlər kəsb edəcəyindən söz açıb.

O, Reaksiya.az-a deyib ki, Bakı ilə Moskva arasında gedən dialoq ümidverici atmosferin qorunmasına zəmanət verir: “Səfər gərgin geosiyasi mühitə təsadüf etdiyindən daha çox regional problemlərin həllinə dair həll yollarının axtarışı ilə əlaqəlidir. Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı və rasional müstəvidə olduğundan deməyə əsas verir ki, məhz bu iki məmləkətin birgə səyləri nəticəsində stabilliyi qorumaq mümkün olur. Lakin təhdidlərin durmadan artdığı məqamda qabaqlayıcı tədbirlərin görülməsi strateji əhəmiyyət daşıyır. Qarabağ problemi, İŞİD terror təşkilatının bölgədə yaratdığı vahimə, digər risklərin meydana çıxması ikitərəfli məsləhətləşmələri davam etdirməyə sövq edir”.

Politoloq bəzi məsələlərdə iki ölkənin bir-birinə qarşı hətta rəqib kimi çıxış etdiklərini də vurğulayıb: “Digər tərəfdən hər iki dövlət çoğrafi parametrlərin fərqli olmasına baxmayaraq enerji faktorundan geniş istifadə etdiklərinə görə bəzi məqamlarda bir-birinə qarşı, hətta rəqib kimi də çıxış edirlər ki, bu da təbiidir. Ən azı qaz ixracatı məsələsində həm Azərbaycan, həm də Rusiya əlverişli bazar mövqeləri uğrunda çalışmalı olurlar”.

Tofiq Abbasov Moskvanın Avropada monopolist strukturunu saxlamağa çalışması məsələsinə da aydınlıq gətirib: “Əlbəttə ki, hazırda Moskvanın Avropa istiqamətində monopolist statusunu saxlamaq kimi məqsədi bəzi dövlətlər üçün maneələr yaradır. Lakin Azərbaycana gəldikdə Rusiyanın planları problem yaratmamalıdır. Çünki hər ölkə öz milli maraqlarını təmin etməyə çalışır və bunun üçün də suveren hüquqlarından istifadə edir. Rusiya, digər bölgə məmləkətləri çalışa bilərlər ki, Azərbaycan qazı üçün Avropa istiqamətində problemlər yaratsınlar, Transxəzər kəmərinin inşasına əngəllər törətsinlər. Bu kimi səylər əbəs olacaq. Bütün məsələlər çərçivəsində konsensus imkanları var və onları reallaşdırmaq yolunda diplomatlar məharətlərini əsirgəməməlidirlər”.

 

Sonda politoloq onu da bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin spektoru genişdir, istər gündəlikdə hərbi-texniki, istər enerji, istərsə də kommunikasiya məsələləri dursun: "Bu məsələlərin rasional zəmində həlli hər iki tərəf üçün perspektiv imkanlar açacaq".

Şərhlər