Səudiyyə Ərəbistanı ordusu niyə Yəmənə daxil olub? - "Bu, Qərbin növbəti oyunudur"

03.09.2015 13:23     Siyasi reaksiya     2131

Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanı ordusu Yəmən ərazisinə daxil olub.

Bu barədə Yəmən xarici işlər naziri Riyad Yasin dünən mətbuata açıqlamasında məlumat verib.

O, həmçinin Yəmənə Səudiyyə Ərəbistan ordusu ilə yanaşı Birləşmiş Ərəb Əmirliklərinin qoşunlarının da yeridildiyini bildirib. Nazir “Çox tezliklə biz Yəmənin yeni azadlıq bayramını, husilərdən azad olunmasını qeyd edəcəyik” deyə vurğulayıb.

Dünyada, xüsusilə də Şərq ölkələrində getdikcə gözlənilmədən müxtəlif hadisələr cərəyan edir və baş verən hadisələrin səbəb və məqsədi haqqında müxtəlif mülahizələr yürüdülür. Mülahizələr çox zaman doğru çıxsa da bəzən hadisələrin axarı elə dəyişir ki, verilmiş proqnozlar alt-üst olur. Hansısa məqsədlə başlanılmış bir siyasi oyun hiss edilmədən böyük faciələrə yol aça bilir və ya hər hansı bir böyük qiyam qısa zamanda heç bir itkisiz yatırlır.

Şübhəsiz ki, bu hadisənin də görünən və görünməyən fonunda hansısa məqsədlər və niyyətlər dayanır. Yəməndə baş verən bu hadisənin də məqsədi və nə ilə sonuclanacağı müəmmalıdır.  

Reaksiya.az politoloq Mais Güləliyevdən Yəməndə baş verən hadisənin təfərrüatını öyrənib.

O bildirib ki, Səudiyyə Ərəbistanının Yəmənə qoşun yeritməsi heç şübhəsiz ki, onsuz da sakit olmayan regiona bir qədər də gərginlik gətirəcək: “İnanıram ki, bu geniş miqyaslı müharibəyə səbəb olmayacaq. Çünki yaxın Şərqdə geniş miqyaslı müharibə aparacaq qüvvələr yoxdur. Səudiyyə Ərəbistanının bu addımı İranla müəyyən qarşıdurmaya apara bilər. Yaxın Şərqdə baş verən bütün hadisələrin əsas məqsədi də budur”.

Politoloq bu hadisənin də Taliblər, Əl-Qaidə, Səddam, İŞİD, Suriya müxalifəti və sair kimi Qərbin İrana qarşı planlarının tərkib hissəsi olduğunu bildirib: “Qərbin Yaxın Şərqlə bağlı son illərdəki siyasətinin əsas məqsədi də İranla Səudiyyə Ərəbistanını üz-üzə gətirməkdir. Qərb dəfələrlə oxşar ssenaridən çıxış edib. İndi də Yəmən. Səudiyyə Ərəbistanının havadan hücumları ciddi nəticə vermədiyindən müəyyən quru qoşunlarının Yəmənə yeridilməsi də İranı bu münaqişəyə açıq şəkildə dartmaq məqsədi daşıyır. Amma inanmıram ki, İran bu təxribata getsin. Digər tərəfdən, Səudiyyə Ərəbistanı İranla geniş miqyaslı müharibə aparmaq gücündə deyil. Hətta, Yəməndə yerüstü əməliyyatların da ciddi nəticə verəcəyi inandırıcı deyil. Çünki Yəməndə 3-5 nəfər vuruşmur, bütün xalq vuruşur. Xalqa isə qalib gəlmək mümkün deyil. Hansısa ərazini müvəqqəti zəbt etmək olar, amma bir müddətdən sonra yenidən xalq öz hüququnu tələb edəcək”.

Şərhlər