Qarabağda müharibə reallaşır?

04.09.2015 17:52     Siyasi reaksiya     2579

Ermənistan hərbi silahlı qüvvələri Tovuz rayonu ilə sərhəddə yerləşən Tavuş vilayətində “İldırım-2015” kod adı altında komanda qərargah təlimlərinə başlayıb. Ermənistan Müdafiə Nazirliyi tərəfindən məlumat verilib ki, dövlət strukturlarının mümkün hərbi əməliyyatlara hazırlığını yüksəltmək məqsədilə keçiriləcək təlimlər 6 sentyabr tarixində başa çatacaq.

Qeyd edilir ki, artıq təlimlər keçirilən ərazidə yaşayan əhalinin köçürülməsinə hazırlıq işlərinə də başlanılıb. Təmas xətti istiqamətində vəziyyətin intensivləşdiyi bir vaxtda qəfil təlimlərə başlanılması Ermənistan əhalisi arasında ciddi narahatlıq doğurub. Əhali yenidən Qarabağ müharibəsinin başlayacağı təşvişinə düşüb. Buna səbəb həm cəbhə xəttində vəziyyətin gərginləşməsi, hər iki tərəfin itkilər verməsi, həm də əhalinin köçürülməsi xəbəri olub. Çünki indiyə qədər təlimlərin keçirilməsi üçün əhalinin evakuasiya edilməsi faktı görülməmişdi. Ermənistanın Müdafiə Nazirliyi tərəfindən köçürülmənin hərbi təlimlər planının bir hissəsi olduğu açıqlansa da, əhali bunu birmənalı qəbul etməyib.

Əhalinin böyük qismi müharibənin başlayacağını ehtimal edir və Ermənistan tərəfinin daha çox itki verməməsi məqsədilə evakuasiyanın həyata keçirildiyini bildirir. Digər bir qismi də köçürülmənin həqiqətən də ərazidə müvafiq böyük təlim bazası yaradılması, gecələmək üçün xüsusi zonaların ayrılması məqsədilə həyata keçiriləcəyinə inanır.

Başqa bir məlumatda qeyd edilir ki, Serj Sarkisyan Təhlükəsizlik Şurasının iclasını keçirir və bu iclas da hərbi təlimlər planı çərviəsində baş tutub.

Ermənistan  hərbi təlimlər keçirilməsi Azərbaycan tərəfindən də birmənalı qarşılanmır. Nəzərə alaq ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də iri həcmli təlimlər keçirilib. Cəbhə xəttində hər iki tərəfin itkisiylə nəticələnən son hadisələr, Tavuş ərazisindəki əhalinin evakuasiyası və bu kimi Qarabağda növbəti müharibənin reallaşa biləcəyi barədə şübhələr doğurur.

Reaksiya.az baş verən bu son hadisələrin görünməyən tərəflərini, məqsəd və nəticələrini, Qarabağ müharibəsinin baş vermə ehtimalını politoq Qabil Hüseynli ilə araşdırıb.

Politoloq son baş verən olaylarla bağlı onu bildirib ki, Ermənistan beynəlxalq ictimai rəydə Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa çalışır: “Qarabağ Ermənistanın Tavuş rayonunda yerləşmir ki. Bizim Tovuz rayonu da Dağlıq Qarabağın ərazisi deyil. Ermənistan atəşkəsi pozan tərəf olmaqla yanaşı beynəlxalq aləmdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, Azərbaycanın Ermənistana hücub edib”.

Qabil Hüseynli Tavuşda keçirilən təlimlərə də aydınlıq gətirib: “Təlimlərə başlanılması və əhalinin evakuasiyuası xəbərləri isə hay-küydən başqa bir şey deyil. Onlar bununla Rusiyanı qorxutmaq istəyirlər, Lavrovun Azərbaycana səfərindən sonra Rusiya ilə Azərbaycan arasında yeddi rayonun qaytarılacağı barədə qənaətə gəlindiyini cəmiətə təlqin etməyə başlayıblar. Biz müharibəyə başlayacasaq Ermənistan ərazilərində yox, Azərbaycanın itirilmiş torpaqları  istiqamətində müharibəyə başlayacağıq. Ermənistana hücum etməyin bizim üçün heç bir anlamı yoxdur. Ermənilər bizi provakasiyaya çəkir.”.

Palitoloq həmçinin bu haray-həşirlərin Ermənistan hakimiyyətinin çökdüyündən də xəbər verdiyini vurğulayıb: “Sarkisyan da hakimiyyətini qoruyub saxlamaq üçün əhali arasında Azərbaycanın hücum edəcəyi barədə panika yayır. Amma əgər ermənilər Tovuzun Əlibəyli, Qazaxın Məzən, Goranboyun Tapqaraqoyunlu kəndlərini iri çaplı silahlardan atəşə tuturlarsa, dinc əhaliyə xəsarət yetirilərsə əlbəttə ki, Azərbaycan ordusu da cavab atəşi açmalıdır. Cavab atəşi düşmənin atəşindən bir qədər güclü formada olubdur və buna görə də ermənilər bundan istifadə etməyə çalışırlar. Ermənistanın bu vayqarası, haray-həşiri beynəlxalq və daxili ictimai rəyə yönəlib. Sarkisyan hakimiyyətinə son vermək istəyən Ermənistan əhalisinin diqqətini yayındırmaq məqsədi güdür”.

Palitoloq, həmçinin onu da əlavə edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarına hücum edəcəkləri təqdirdə sarsıdıcı zərbələrlə qarşılaşacaqlar. Və Azərbaycan bu dəfə Ermənistanın təcavüzkar kimi tanınmasına nail olacaq. 

Şərhlər