"3 yaşlı Aylanın ölümü Qərbin törətdiyi müharibə qurbanlarının simvolu oldu"

05.09.2015 16:57     Siyasi reaksiya     2569

Millət vəkili Zahid Orucla müsahibə

Xəbər verildiyi kimi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antoniu Quterreş Avropa Birliyi (AB) ölkələrini İraq, Suriya və Əfqanistandan qanuni yolla gələn miqrantlara ev sahibliyi etməyə səsləyib. Komissar AB ölkələrinə bildirib ki, 200 min miqrantı qəbul etməli və qaçqınlara geniş imkanlar yaratmalıdırlar: “AB miqrant böhranının həlli ilə bağlı vahid strategiya hazırlamalı, Yunanıstan, Macarıstan və İtaliya isə qaçqınların qəbulu ilə məşğul olan mərkəzlər quraşdırmalıdır”. BMT-nin rəsmi hesablamalarında qeyd olunur ki, AB ərazilərinə bu ilin əvvəlindən başlayaraq 340 min miqrant keçib. Ən son ayda isə bu göstərici 107.5 min olub.

Reaksiya.az miqrant problemi ilə bağlı politoloq, millət vəkili Zahid Orucdan müsahibə alıb.

- Zahid müəllim, ayrı-ayrı ölkələr açıq şəkildə bəyan edirlər ki, onlar nəinki kütləvi sayda, heç az miqdarda belə qaçqınları qəbul etməyəcəklər. Bu nə ilə əlaqədardır?

- Qeyd etdiyiniz bu mövzu dünyanın aparıcı beynəlxalq informasiya vasitələrində bir nömrəli məsələyə çevrilib. CNN, BBC və Euronews telekanallarındakı reportajları izləyərkən insanda belə bir təəssürat yaranır ki, Avropanın özü qurbana çevrilib. Yəni burada özünü daha artıq dərəcədə yüksək sayda köçkün selinin qarşısında dayanan və buna adekvat həm maddi, iqtisadi, eyni zamanda mənəvi uyğunlaşma və s. problemlərə görə ciddi məsələlər qarşısında olduğunu göstərməyə çalışan məhz qərb dairələridir. Bəli, bir çox ölkələr qaçqın qəbul etməyəcəklərini açıq şəkildə bildirirlər.  Az öncə Macarıstan hökumətinin rəhbəri öz çıxışında bildirib ki, bu köçkünlər özləri ilə bərabər müharibə əhval ruhiyyəsini gətiriblər. Həmçinin, onların mental dəyərləri tam fərqlidir, ayrı sosial mühitdə formalaşıblar, özlərinə məxsus milli ənənələri var. Və onlar macar xalqı ilə ünsiyyətə girmək istəmirlər, ən adi hüquqi tələbləri yerinə yetirmirlər və sair. Bununla o, göstərməyə çalışıb ki, gələn miqrantların içərisində potensial terrorçu yetişə bilər. Bu obraz Avropa ölkələrinin hamısında üstünlük təşkil edir.

- Rəsmi Almaniya miqrantlarla rəftarda özünü humanist, sülhsevər, xeyriyyəçi dövlət kimi göstərir. Ola bilərmi ki, almanlar II Dünya Müharibəsi zamanı millət olaraq qazandıqları heç də xoş olmayan “damğa”nın üzərilərindən götürülməsinə çalışırlar?  Ya bəlkə də Almaniya və miqrantlara qucaq açan digər dövlətlər terrordan qorxduqları üçün belə bir addım atmağa məcburdurlar? Almaniyanın miqrantlarla qucaq açmasının fonunda nə kimi məqsədlər dayana bilər?

- Almaniyanın digərlərindən fərqli olaraq bir qədər mötədil, güzəştli mövqe göstərməsinə gəldikdə, mən bunun da sona qədər sırf humanist mövqedən irəli gəldiyini deməkdə çətinlik çəkirəm. Çünki Almaniya ilk dövrdə ən kəskin mövqe tutanlardan biri idi. Mən hələ lap yeniyetmə yaşlarımda, şagird olduğum dövrdən çox yaxşı xatırlayıram ki, SSRİ zamanında dünyanın istənilən bir guşəsində məsələn, Panama, Qvatemala, Peruda və yaxud da ki, digər ölkələrdə baş verən hər hansı bir məhdud saylı insan ölümlərinə yönəlik də çox böyük nümayişlər, kütləvi aksiyalar, proseslər və sair keçirilərdi. Görün, indi necə vəziyyət yaranıb ki, Almaniya “Biz o köçkünləri yerləşdirə bilərik” deyə bəyan edir. Harada?! Siyasi hakimiyyətlərlə razılaşmayan qüvvələr, dissidentlər üçün həbsxana düşərgələri kimi nəzərdə tutulmuş yerlərdə. Söhbət normal sığınacaq məkanlarından da getmir. Dediyiniz kimi, BMT Ali Komissarının çıxışına münasibətdə dəfələrlə köçkünlərə yardım əli uzatmaq lazımdır məsələsi ilə bağlı böyük konfranslar keçirdilər. Və Almaniya orada belə bir mövqe göstərdi ki, gəlin biz iki milyona qədər köçkünün yerləşdiyi Türkiyənin Suriya ilə sərhədlərində böyük düşərgələr inşa edək. Budur, humanist mövqe. Deməli, bu müharibəni törədən qərb dairələridir.

- Qərb dairələrinin məqsədi gerçəkdənmi demokratiyanı bərqərar etmək idi? Demokratiya 3 yaşlı Ayanların dənizlərdə boğulmasıdırmı? 

- Suriya xalqının diktatorla yaşayıb-yaşamaması o ölkənin daxili problemidir. Kənardan gətirilən və beş ildir ora sırınan müharibənin demokratiyaya və bu millətin gələcəyinə heç bir aidiyyatı yoxdur. Ərdoğan deyəndə ki, bütövlükdə Aralıq dənizini ölü dənizinə çevirmisiniz, deyəndə bu fikir doğru idi. 3 yaşlı Aylanın ölümü bütövlükdə qərbin Yaxın Şərqdə törətdiyi müharibənin qurbanlarına yönəlik bir simvol oldu. Dəniz sahilinə çıxan ölü sayları müharibə qurbanlarının sahilə çıxartdıqlarıdır. Müharibəni bu şəkildə törətməməliydilər. Hədəfi bəlli olmayan, nəticələri tam hesablanmamış, siyasi rejimi formalaşdırmaq gücü olmayan, xalqın min ildən gələn ənənələrini bilmədən oraya müdaxilə etmək ağır nəticələr doğurmalı idi. Qərb dairələri köçkün problemlərini özləri yaradıblar və indi də onları dənizlərdə batırmaqla məşğuldurlar. Onlara qarşı çox böyük aqresiyanı, həm insani  səviyyədə, həm də ora hərbi qüvvələrini yeritməklə göstərirlər. Bu işğalçılıq planıdır və bunu qətiyyən pərdələmək, gizlətmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu gün sadəcə üç yaşlı körpənin bütün dünyada bir simvola çevirənlər öz siyasi hakimiyyətlərindən tələb etməlidirlər ki, Yaxın Şərqdə sülhə, əmin-amanlığa doğru qərar versinlər və bu istiqamətdə addımlar atsınlar.

- Avropa bu müharibə dənizində boğulmaqdan necə xilas ola bilər? Sülhə, əmin-amanlığa doğru hansı addımlar atılmalıdır?

- Bu müharibə dənizinin nəticələrindən Avropa özünü gerçəkdən qorumaq istəyirsə, sivil quruluşunu, cəmiyyətini, sabitliyini, təhlükəsizliyini təmin etməyə çalışırsa, doğrudan da suriyaylıları, iraqlıları arzuolunmaz millət hesab edirsə, bundan ötrü başqa nələrsə tələb olunmur. Hesab edirəm ki, əslində bütün Avropa dövlətləri yığışaraq öz aralarında humanitar məsələlərin həlli üçün ayrıca qərar verməklə bərabər digər tərəfdən də siyasi rəhbərlərinə çox kəskin ciddi təziq göstərməlidirlər. Düşünürəm ki, dünyada insanlıq hər gün ekranlardan yüzlərlə və yaxud da minlərlə insanın qətlinə seyirci qalmalı deyil. Gerçəkdən də bəşəriyyətin səsi, dünya ictimaiyyətinin səsi real məfhumdursa, etiraz etməlidir ki, bu müharibənin müəyyən formada dayandırılması gərəkdir. Post Suriya dövrünə hazırlaşana qədər, orada mötədillər və radikallar adlı iki düşərgə yaradana, onlarla qüvvənin dini cihadını orada təkşil edənə qədər çox adi məsələləri həll etmək lazımdır.

Şərhlər