Mütəllim Rəhimli: “Milli Məclisin müxalifətsiz formalaşdırılması ölkəmiz üçün ciddi problemlər doğura bilər”

11.06.2015 10:40     Siyasi reaksiya     2352

Bu açıqlamanı Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Reaksiya.az müxbirinin qarşıdan gələn parlament seçkilərindən gözləntiləri ilə bağlı sualını cavablandırarkən verib. O, bildirib ki, hələ ki, seçkilərlə bağlı real proqnoz vermək mümkün deyil: “Bu ilin sonuna yaxın ölkəmizdə digər seçkilərlə müqayisədə daim siyasi fəallıqla müşahidə olunan parlament seçkiləri keçiriləcək. Lakin hələ seçkilərlə bağlı hər hansı proqnoz vermək mümkün deyil. Çünki nə siyasi qüvvələrdə, nə də ki, cəmiyyətdə seçki ab-havası hiss olunmur. Görünür, bu da iki gün sonra başlayacaq Avropa oyunları ilə bağlıdır. Demək olar ki, ölkəmiz bütövlükdə bu oyunlara köklənib. Seçkilərdə yarana biləcək balansa gəldikdə isə deməliyəm ki, artıq elə bir dövr yetişməkdədir ki, Milli Məclisin müxalifətsiz formalaşdırılması ölkəmiz üçün ciddi problemlər doğura bilər. Bunu həm dünya miqyasında, həm regionda baş verən hadisələr sübut edir. Ona görə iqtidar əvvəlki seçkilərdən fərqli olaraq ən azı parlament səviyyəsində məsuliyyətin bölüşdürülməsini həyata keçirməli, real güclərin qarşısına sədd çəkən amilləri aradan qaldırmalıdır ki, onlar MM-də təmsil oluna bilsinlər”.

1-ci Avropa Oyunlarından sonra ölkəmizdə siyasi fəallığın yüksələcəyini deyən M. Rəhimli vurğulayıb ki, parlament seçkiləri yaxınıaşdığından siyasilər arasında rəqabət də başlayacaq: “Çox güman ki, bir çoxları Milli Məclisə düşmək üçün hakimiyyətə yaltaqlıq göstərərək bu yolla mandat əldə etməyə çalışacaq. Bundan ötrü ölkəmiz üçün faydalı olub-olmamasından asılı olmayaraq hakimiyyət əleyhinə səslənən hər bir fikrə qarşı çıxacaq, özlərini iqtidarın müdafiəçisi kimi göstərməyə çalışacaqlar. Digər bir qrup isə radikal kəsimə istinad edərək, beynəlxalq aləmə göstərməyə çalışacaq ki, real siyasi qüvvəyə malikdirlər və onların yer almadığı parlament legitim ola bilməz. Yəni bir növ beynəlxalq təzyiq mexanizmlərindən istifadə edəcəklər. Üçüncü qrup isə yaltaqlıqdan və radikallıqdan uzaq omaqla həqiqətləri müasir imkanlar səviyyəsində ifadə etməyə çalışanlar olacaq. Bunlar cəmiyyətdə o qədər də populyar görünməsələr də, düşünürəm ki, perspektivdə ölkəmiz üçün ən faydalı olanlardır. Ancaq hakimiyyətin bu qüvvələrdən hansını müdafiə edəcəyini söyləməkdə çətinlik çəkirəm”.

Şərhlər

Çox oxunanlar