"Qarabağda istənilən an müharibə başlaya bilər"

07.09.2015 11:33     Siyasi reaksiya     2311

Xəbər verildiyi kimi, bu gün Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək. Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə görüşdə ilki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrində əməkdaşlığın inkişafı və Avrasiya məkanında inteqrasiya məsələləri müzakirə olunacaq. Məlumatda prezidentlərin Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəkləri barədə məlumat yer almasa belə, ekspertlər görüşün əsas mahiyyətinin məhz Dağlıq Qarabağ məsələsi olacağını güman edirlər.

Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə hərbi təlimlərə başlanılacaq. Təlimlərə 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərinin ardınca Sarkisyanın Rusiyaya getməsi də onu deməyə əsas verir ki, Lavrovun səfəri rəsmi Ermənistanı narahat edib. Az əvvəl Ermənistan silahlı qüvvələrinin də Tavuş vilayətində hərbi təlimlər keçirməsi, həmin ərazidə yaşayan sakinlərin köçürülməsi və bu gündən başlayaraq Azərbaycan tərəfinin də irimiqyaslı hərbi təlimlərə başlaması Moskvadakı bugünkü görüşün məhz Dağlıq Qarabağ məsələsi üzərində qurulacağına, baş verən son hadisələri əhatə edəcəyinə  ehtimal verir.

Reaksiya.az Putinin Sarkisyanla bu günkü görüşünün əsas səbəb və məqsədlərini, nəticələrini araşdırmağa çalışıb. Millət vəkili Asim Mollazadə görüşlə bağlı ehtimallara aydınlıq gətirib.

O, Moskvada keçiriləcək görüşün Putinin Sarkisyana növbəti tapşırıqlarını verməsi üçün planlaşdırıldığını deyib: “Məlumdur ki, Rusiya ilə Ermənistan yaxın müttəfiqlərdir. Daha dəqiq desək, Ermənistan bir müstəqil dövlət deyil və Rusiyanın bir növ hərbi bazasına çevrilən bir ərazidir. Təbii olaraq bu görüşdə  Sarkisyana hansısa əmrlər verilə bilər və Sarkisyan da veriləcək əmrləri icra etməlidir. Bu əmrlər nədən ibraətdir?! Çox güman ki, Ukrayna ilə bağlı çox ciddi sanksiyalarla üzləşmiş Rusiya cənubi Qafqaz bölgəsində hansısa bir nümayişkəranə yumşaqlıq göstərə bilər, hansısa bir addım ata bilər və ya bəlkə də atmaz. Sarkisyan da daima sahiblərinin əmrini yerinə yetirən birisidir”.

Asim Mollazadə bu görüşün Dağlıq Qarabağ məsələsinə hansısa təsiri ola biləcəyinə də münasibət bildirib. O deyib ki, Ermənistan istənilən an hansısa əmr alıb hərbi əməliyyatlara başlaya bilər: “Ancaq Azərbaycan Silahlı Qüvvələri əvvəlki kimi deyil. Azərbaycan bu gün güclü silahlı qüvvələrə malikdir, Azərbaycanın bu gün hava qüvvələri istənilən döyüşə hazırdır. Və mənə elə gəlir ki, Ermənistan risk edib hansısa bir əməliyyat həyata keçirməyə cürət etməyəcək.  Ermənistan çox gözəl anlayır ki, Azərbaycan ordusunun qarşısında onların imkanları gücü heç nədir. Sahiblərinin dəstəyi olmadan Ermənistan hərbi sahədə heç nəyə nail ola bilməz”.

Ermənistanın hazırkı dönəmdə Rusiyadan müharibə əmri almaq ehtimalına da toxunub: “Bu gün Rusiyanın Azərbaycanla münasibətlərini pozmağa heç bir halda ehtiyacı yoxdur. Rusiya çox gözəl anlayır ki, Cənubi Qafqazın iqtisadi nöqteyi nəzərdən ən güclü dövləti Azərbaycandır. Rusiya Azərbaycanla əməkdaşlığını dünyaya nümayiş etdirərək öz siyasətinin mülayimliyini müəyyən qədər göstərə bilər. Onun üçün də yaxın müddətdə Ermənistanı hərbi əməliyyatlara təhrik etmək Rusiyanın maraqlarına uyğun deyil. Əksinə olaraq Rusiya Ermənistandan hansısa istiqamət üzrə addımlar atmaq əmri verə bilər. Və bununla da göstərməyə çalışar ki, güya Rusiya bölgədə sülhün bərqərar olması istiqamətində hansısa təşəbbüslə çıxış edib”.

Şərhlər