"Çalışmalıyıq ki, vəsaitə qənaət edək”
09.09.2015 14:30 Siyasi reaksiya 1982
Xəbər verildiyi kimi, dünən Azərbaycan Respublikası Prezidenti yanında növbəti müşavirə keçirilib.
İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə Prezident İlham Əliyev çıxışında belə deyib: “Prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Və çalışmalıyıq ki, vəsaitə qənaət edək”.
Reaksiya.az ölkə başçısının bu çıxışına millət vəkili Əli Məsimlinin münasibətini öyrənib.
Millət vəkili bildirib ki, Azərbaycanda neft hasilatı pik nöqtəsinə çatandan sonra son illər tədricən aşağı düşməyə başlayıb: “Bu il həmin proses enerji daşıyıcıları istehsalının 2 faizlik enməsi şəraitində həm də neftin qiymətinin də aşağı düşməsi ilə müşayət olunur. Ötən illə müqayisədə dünya bazarında neftin bir barrelinin qiyməti 2 dəfədən çox aşağı düşüb vəə 50 dollar ətrafında qalxıb-enir. Azərbaycan iqtisadiyyatında neft amilinin rolu azalmağa meyl götürsə də, hələlik yenə də böyük olduğundan, bu mənfi meyllər gəlirlərimizi azaldır və iqtisadiyyatımıza mənfi təsir göstərir. Hökumət neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyatımıza mənfi təsirini azaltmaqdan ötrü müxtəlif tədbirlər həyata keçirir. Onların arasında neftdən kənar sahələrin sürətli inkişafının təmin edilməsi, israfçılığın aradan qaldırılması, dövlət maliyyəsindən qənaətlə istifadə edilməsi, nizam-intizamın yüksəldilməsi, etibarlı nəzarət mexanizminin yaradılması məsələsi xüsusi yer tutur. Həmin prosesləri sürətləndirmək, təsir dairəsini genişləndirməkdən ötrü cəmiyyət həyatının bütün sahələrində, xüsusən də insan inkişafı və innovativ inkişaf sahəsində sistemli və real nəticə verən islahatlar dərinləşdirilməlidir. Son vaxtlar yaşanılan reallıqlar diqtə edir ki, biz həmin islahatları genişləndirib dərinləşdirməklə neft hasilatının və neftin qiymətinin aşağı düşdüyü yeni şəraitə nəinki uyğunlaşmalı, həm də bu cür şəraitdə yaşamağı, işləməyi və inkişaf edib tərəqqiyə nail olmağı öyrənməliyik”.
Şərhlər