Sarkisyan öz müəlliminin tapşırığını yerinə yetirdi

09.09.2015 16:25     Siyasi reaksiya     2455

Rusiya və Ermənistan prezidentlərinin son görüşündən sonra Ermənistan Rusiyanın dollardan imtina siyasətinə qoşuldu.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinə (AİƏB) daxil olan ölkələrə dollardan imtina etməklə bağlı tapşırıq vermişdi.
Ermənistan bankları 23 - 27 iyun tarixində 980,2 mln rubl aldıqları halda, cəmi 150,6 mln rubl satıblar. Eskpertlər hesab edir ki, erməni banklarının rublu Rusiya ilə ticarətdə istfiadə ediləcək.

Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasının başçısı Sergey Mironov BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) iqtisadiyyatı əsasında yeni beynəlxalq rezerv valyutası yaratmağı təklif edib. O həm də bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) funksiyalarını yerinə yetirə biləcək yeni beynəlxalq kredit strukturu lazımdır. Mironov beynəlxalq ticarət üçün hesab sistemindən dolların keçərli olmadığı, müstəqil fəaliyyət göstərən birjalar yaratmağı da məsləhət görüb. Alternativ kimi Mironov qızılla hesablaşmağı uyğun sayıb.

Reaksiya.az AİƏB-ə daxil olan ölkələrin dollardan imtina etməsinin həmin dövlətlərə, ümumiyyətlə bölgəyə necə təsir göstərəcəyini ekspert Hatəm Cabbarlı araşdırıb.

Hatəm Cabbarlı ilk öncə Ermənistanın dollardan imtina səbəblərinə aydınlıq gətirib: “AİƏB-in hakim rolunda kimin çıxış etdiyini mənə elə gəlir ki, izah etməyə əlavə şərh yoxdur. Bu, Rusiyadır və digər dövlətlər də əsasən Rusiyanın nəzarətində, Rusiyanın təkidi ilə təşkilata üzv olublar. Ermənistan Rusiya münasibətlərinin son 20-25 ilinə nəzər saldıqda görərik ki, Ermənistan AİƏB-ə üzv olmazdan öncə də Rusiyanın bir əyaləti idi. İqtisadi, siyasi təhlükəsizlik baxımından Rusiyadan ciddi dərəcədə bağlılığı var idi. Keçdiyimiz illərdə Ermənistanın AİƏB-ə üzv olması bu bağlılığı Ermənistanın əleyhinə daha da gücləndirdi".

Ekspert dollardan imtinanın bölgəyə vuracağı zərbələri də sadalayıb: “Rusiya prezidenti Vladimir Putinin AİƏB-ə daxil olan ölkələrin dollardan imtina edərək rubl üzərində hesablaşmaların aparılması yönümündə tapşırığı və ya göstərişi əlbəttə ki, üzv olan dövlətlərə olduqca mənfi təsir göstərə bilər. Çünki beynəlxalq aləmdə ticarət əsasən dollar üzərindən aparılır. Müəyyən zaman dövründə kiçik dalğalanmalar olmasına baxamayaraq dollar həmişə sabit qalan tədavül vasitəsidir. Ona görə də Rusiyanın və AİƏB-ə üzv olan dövlətlərin dollardan imtina edərək rubl üzərindən ticarət dövriyyəsini həyata keçirmələri, əlaqələri əks etdirmələri həmin dövlətlərə ciddi maliyyə zərbələri vurar. Rubl stabil tədavül vasitəsi olmadığı üçün AİƏB-ə üzv ölkələrin rubl vasitəsi ilə hesablaşmalar aparması onların iqtisadiyyatına, xüsusilə də maliyyə sisteminə zərbə olar”.

Hatəm Cabbarlı həmçinin, onu da vurğulayıb ki, bu hadisə eyni zamanda, Ermənistan nümunəsində ABŞ Ermənistan münasibətlərini müəyyən qədər zədələnməsinə səbəb ola bilər: “Bütün geosiyasi hadisələrdə olduğu kimi bu məsələdə də Ermənistan Rusiyanın yanındadır, onun istədiyi kimi hərəkət edir və bu da ABŞ-ın maraqlarına tərs düşür. Bu baxımdan Ermənistan ABŞ arasındakı münasibətlərdə müəyyən xoşagəlməz hadisələrin baş vermə ehtimalı böyükdür”.

Şərhlər