"Vətəndaşlar "müharibə başlayır" təşvişinə düşməsinlər"

09.09.2015 18:15     Siyasi reaksiya     2396

Xəbər verildiyi kimi, sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6.000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.

Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir.

Təlimlərin keçirilməsi və ehtiyatda olan hərbi qulluqçuların geri çağırılması cəmiyyətdə yenidən müharibə əndişəsi yaradıb.

Reaksiya.az bu təlimlərin və çağırışın nədən irəli gəldiyini, müharibənin yenidən baş vermə ehtimalını araşdırıb.

“AzeriDefence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov Reaksiya.az-a açıqlamasında bildirib ki, hazırda davam edən hərbi təlimlər Azərbaycanın müstəqillik tarixindəki ən böyük hərbi təlim sayılır:

"Silahlı Qüvvələrimizin 65 min nəfər şəxsi heyəti ilə yanaşı ehtiyatdan 6 min nəfər hərbi vəzifəli də təlimə cəlb olunub. Təlim tək quruda deyil, həm də dənizdə gedir və burada müxtəlif ssenarilər oynanılır. Bütün təlimlər hansısa ehtimal olunan müharibəyə hazırlıqdır. Azərbaycan Ordusunun bu gün əsas prioriteti Ermənistanın işğalı altındakı əraziləri azad etməkdir. Bizim bütün təlimlərimiz – dəniz iistisna olunmaqla, məhz buna hesablanıb. Qarabağ relyefi üzrə döyüş hazırlıqları keçirilir. Təlimlərdə hücum və müdafiə planları ilə yanaşı evakuasiya, diversiya-təxribat, düşmənin cəbhənin dərinliklərindəki ehtiyatlarının məhv edilməsi, səfərbərlik hazırlığı, ehtiyatda olan hərbi vəzifəlilərin səfərbərlik elan edildiyi zaman qısa müddətdə təyin olunan yerlərə çıxarılması, hərbi uçotda olan texnikanın hazırlıq vəziyyətinə gətirilməsi və s. kimi çoxsaylı tapşırıqlar işlənilir”.

R. Süleymanovun sözlərinə görə, hazırkı təlim ictimaiyyətdə bir qədər ajiotaj yaradıb:

"Bu da təlimin cəbhədəki vəziyyətin gərginləşdiyi dövrə təsadüf etməsi ilə bağlıdır. Burada narahatlığa heç bir əsas görmürəm. Ehtiyatdan hərbi vəzifəlilərin təlimlərə çağırılması bir ildir həyata keçirilir. Ötən il sentyabr ayında keçirilən təlimə 7 min hərbi vəzifəli cəlb olunmuşdu. Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm: səfərbərlik ehtiyatlarının təlimə cəlbi özü də xüsusi plan və dərəcələr üzrə aparılır. Hərbi təlimlərə əsasən Silahlı Qüvvələrin tələbinə uyğun olaraq sahələr üzrə kadrlar çağırılırlar. Eləcə də ehtiyatda olan zabitlərin cəlbini görürük. Əslində dövlət bu təlimlə səfərbərlik resurslarının hazırlıq səviyyəsini müəyyənləşdirir, kimin harada olmasını, hansı struktrun müharibə və fövqəladə vəziyyət zamanı verilən vəzifənin öhdəsindən necə gələ biləcəyini dəqiqləşdirir, çatışmazlıqları təyin edir və hazırlıq səviyyəsini yüksəldir. Vətəndaşlar isə qoy "müharibə başlayır" təşvişinə düşməsinlər. Valideynlər də övladlarının ardınca yerli səfərbərlik şöbələrinə getməsinlər və orada mübahisələr yaratmasınlar və dövlətin işinə mane olmasınlar. Bir şeyi unutmamalıyıq ki, bu hazırlıq dövlətin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Hər bir Azərbaycan vətəndaşı da buna hazır olmalıdır”.

Şərhlər