"Suriyalı ermənilər Azərbaycana qarşı vuruşacaq" - POLİTOLOQ
11.09.2015 09:40 Siyasi reaksiya 2504
Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan Parisdə Yaxın Şərqdəki milli-dini azlıqlara qarşı zorakılılara həsr olunan beynəlxalq konfransda iştirak edib. Erməni nazir konfransdakı çıxışı zamanı ölkəsinin Yaxın Şərq bölgəsində baş verənlərlə bağlı dərin narahatlıq keçirdiyini, İŞİD terror qruplaşmasının əməllərini pislədiyini vurğulayıb. Erməni nazir onu da bildirib ki, on minlərlə erməni Yaxın Şərqin digər xalqları kimi bu gün məcburi emiqrasiya yolu tutub, təkcə Suriyadan 15 min erməni Ermənistana gəlib”.
Xəbər verildiyi kimi, Ermənistana gəlmiş 15 min suriyalı erməninin 11 mini Dağlıq Qarabağa yerləşdirilib.
Aydındır ki, Ermənistanın qaçqınlara qucaq açması heç də səbəbsiz deyil. Əlbəttə ki, bu, erməni hakimiyyətinin növbəti bir siyasəti hiyləsidir.
Reaksiya.az politoloq Qabil Hüseynli ilə ermənilərin bu siyasi oyununun əsl mahiyyətini araşdırmağa çalışıb.
Politoloq bildirib ki, üzərində Ermənistanın hegemonluğu olsa da Dağlıq Qarabağ hazırda sahibsiz, idarə edilməyən, nəzarət edilməyən bir ərazidir: “Dağlıq Qarabağda ermənilərin məskunlaşdırılması problemi hər zaman olub və indi də davam edir. Son dövrlərdə Suriyada baş verən hadisələrlə əlaqədar Suriya ermənilərinin Ermənistana gətirilməsi və Dağlıq Qarabağda, eləcə də işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsi məsələsi mövcuddur. Məlum olub ki, Laçın və Kəlbəcərdə, eləcə də işğal edilən Dağlıq Qarabağda həmin ermənilərə bəzi imtiyazlarla torpaq sahələri ayrılır və yaşamaları üçün evlər tikilir. ATƏT-in işğal edilmiş ərazilərdə əhalinin məskunlaşdırılması haqqında qadağası olsa da Ermənistan bu qadağaya əhəmiyyət vermir. Açığını demək lazımdır ki, Azərbaycanın bu məsələlərlə bağlı ATƏT-ə müraciəti, araşdırıcı komissiyaların yaradılması elə bir ciddi əhəmiyyət verməyib. Onlar bütün hallarda güya işğal altında olan ərazilərdə ermənilərin məskunlaşdırılması prosesinin getmədiyini iddia ediblər. Amma hər halda dünya mətbuatı, aparıcı agentliklər təsdiq ediblər ki, məskunlaşdırma prosesi gedir və Yaxın Şərqdən, Livandan, Suriyadan olan ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilir”.
Qabil Hüseynli rəsmi İrəvanın suriyalı qaçqınları Dağlıq Qarabağa yerləşdirməklə Azərbaycan torpaqlarını geri qaytarmamaq üçün bir bəhanə əldə etməyə çalışdığını da vurğulayıb: “Bu prosesin humanitar proqram çərçivəsində olduğu elan edilir, güya qaçqınlara əl tutulur. Amma əslində məqsəd həmin torpaqlarda ermənilərin məskunlaşdırılması və tədricən erməniləşdirilməsi proqramını həyata keçirməkdir. Suriyalı ermənilərdən gələcəkdə ordunun gücləndirilməsi üçün istifadə ediləcək. Livandan gələn ermənilərin bir qisminin güya könüllü surətdə ordu sıralarına qoşulması barədə bəyanatlar yayırlar. Bütün bunlar batmaqda olan Ermənistanı bataqlıqdan xilas etmək məqsədi daşıyır”.
Şərhlər