"Türk Birliyi sanki bir sınaq qarşısındadır" - Zahid Oruc

11.09.2015 16:33     Siyasi reaksiya     2094

Xəbər verildiyi kimi, bu gün Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti keçirilir.

Xatırladaq ki, sammitdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edir.

Qeyd edək ki, Türkiyədəki məlum hadisələrə görə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sammittdə iştirak etmir. Bu üzdən də Türkiyəni sammitdə Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yıldız təmsil edəcək.

Reaksiya.az Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti çərçivəsində nələrin müzakirə ediləcəyini, nə kimi nəticələrə gəlinəcəyini, bu görüşlərin bölgəyə təsirini araşdırıb.

Millət vəkili, politoloq Zahid Oruc məsələ ilə bağlı sualları cavablandırıb.

- Zahid müəllim, ilk öncə onu açıqlamanızı istərdik ki, ümumiyyətlə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası hansı məqsədlə yaradılıb?

- Ötən dövr ərzində türkdilli ölkələrin arasında yaxşı əməkdaşlıq formatı formalaşıb  və bir neçə zirvə toplantıları keçirilib. Öz-özlüyündə bu xüsusi siyasi ittifaq kimi bir çoxlarına görünsə də bu sadəcə bir əməkdaşlıq formatıdır. Yəni, türkdilli ölkələr kimlərəsə qarşı konkret hərbi, siyasi, iqtisadi cəhətdən birləşməyiblər. Və yaxud da ki, ayrı-ayrı dövlətlərə qarşı hansısa iddialarda deyillər. Bu türkdilli dövlətlərin birliyi bir siyasi ekspansiya layihəsi də deyil.

- Azərbaycan bu əməkdaşlıqda nə kimi önəm daşıdı?  

- Önəmli olan budur ki, biz ötən dövr ərzində Orta Asiya ölkələrini bu prosesə qoşmaq üçün Azərbaycan və Türkiyənin çox fəal bir iş apardığını görməkdəyik. Gerçəkdən də o regionda olan dövlətlər bəlli bir tarixə malikdirlər və o səbəblər də ortadadır. Hər kəs bilir ki, o ölkələr Rusiya ilə daha yaxın təmaslara, əlaqələrə malikdir. Bununla bərabər türkdilli ölkələrin əməkdaşlıq şurası yararlı oldu, onun digər müxtəlif strukturları formalaşdı. Bu vasitələylə ötən illər ərzində Azərbaycan və Türkiyənin əsas aparıcı rolu hesabına müxtəlif siyasi və iqtisadi yaxınlaşmalar gerçəkləşə bildi.

- Hazırda Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti keçirilir və ölkə prezidenti də görüşdə iştirak edir. Bu görüşdən nələr gözlənilir?

- Ölkə başçısının Qazaxıstana səfərindən gözləntilərimiz əsasən iki istiqamətdədir. Birincisi, bildiyimiz kimi, qardaş ölkə Türkiyə bu dönəmdə terror zərbələrinə məruz qaldı. Bunlar təsadüfi deyil, uzun müddət ərzində Türkiyəni mühasirəyə almaq, onu əzmək, ərazisində daha başqa dövlətlər qurmaq, yaxud da ki, Türkiyənin müqavimətini sındıraraq onu regional maraqlarından geri çəkindirmək, həm də türkdilli ölkələr birliyində onun aparıcı mövqeyini zədələmək, regional maraqlarından geri çəkindirmək, həm də türkdilli ölkələr birliyində onun aparıcı mövqeyini zədələmək, regional maraqlarından imtina etdirmək naminə müxtəlif ssenarilər hazırlanırdı. Və çox təəssüf ki, onlardan bir qismi baş tutdu. Bu gün Türkiyənin geopolitik rolunu aşağılamaq istəyənlər nəticə etibarilə elə bu formatda əməkdaşlıqda yer alan ölkələrin hər birinə ayrılıqda sahib durmağa çalışırlar. İstər Azərbaycana, yaxud da ki, Orta Asiya ölkələrinin hər birinə yönəlik müxtəlif beynəlxalq layihələr var. Və onların hər birində də müəyyən problemlər də meydana çıxıb. Belə hesab edirəm ki, həmin görüşdə Türkiyə ilə həmrəylik, terrorun pislənməsi açıq şəkildə bu məsələlərlə bağlı beynəlxalq birlikdən real addımlar atması, xüsusilə də NATO-nun Türkiyəni gerçək müdafiə tədbirləri, hərbi yardımların göstərilməsi, birgə İraqa və Suriyaya qarşı əməliyyatlarda iştirak, PKK-nın silahlandırılmasından geri durulması və sair məsələlər yer almalıdır. Türkiyənin sabitliyinin, əmin-amanlığının qorunması türkdilli ölkələrin hər birinin təhlükəsizliyinin xeyrinədir.

- İkinci istiqamətdə gözləntilər nələrdir?

- İkincisi gözlədiyimiz məsələ heç şübhəsiz ki, Türkmənistanın qaz resursunun Trans Xəzər qaz kəməri vasitəsilə Qərb ölkələrinə çıxarılmasıdır. Bu yönümdə Azərbaycan, Türkiyə və Türkmənistan arasında, xüsusilə də xarici işlər nazirləri formatında çoxlu görüşlər olub. Bildiyimiz qədər müəyyən məsələlərdə razılaşmalar da var artıq. Təəssüflər olsun ki, qaz və ya neft resursu bu gün də beynəlxalq savaşların əsas hədəfindədir. Əminik ki, Türkmənistan özünün ehtiyatlarına görə dünyada dördüncü,  bəzi hesablamalarda isə üçüncü yerinə rəğmən bu resursları Azərbaycan və Türkiyə vasitəsi ilə beynəlxalq birliklə işləməyə ən sonda qərar verəcəkdir. Hesab edirəm ki, bu məsələlər regionun iqtisadi və siyasi həyatına da müsbət təsir edəcək. Çünki bölgə həssas proseslər hədəfindədir. Ancaq nə qədər ki, xarici aləmdə normal sabitlik bərqərar olunmayıb və neft resursu üzərinə bu cür hücumlar var, bu ölkələrin də, türkdilli dövlətlərin də arasındakı bu birlik sanki bir sınaq qarşısındadır.

Şərhlər