"Ermənistanda vəziyyət getdikcə çətinləşəcək"

12.09.2015 16:43     Siyasi reaksiya     1991

Xəbər verildiyi kimi, İrəvanda uzun müddətdir ki, etiraz aksiyaları davam edirdi. İrəvan polisi etirazçılara bu gün səhər saat 05:00-a qədər Baqramyan prospektinin boşaldılması üçün vaxt vermişdi. Aksiyanın dayanmadığını, əksinə daha geniş vüsət aldığını görən polis Baqramyan prospektinin əsas hərəkət hissəsini etirazçılardan təmizləyib.

Elektrik enerjisinin qiymətinin qaldırılması nəticəsində baş verən aksiyaların havaların soyumağa doğru getdiyi bir dövrdə yenidən alovlanmayacağı şübhə doğurur. Politoloqlar iddia edirlər ki, polislərin aksiyaları dağıtmaq cəhdləri boşuna olacaq. Havalar soyuduqca, elektrik enerjisinə tələbat artdıqca etirazçılar daha da aktivləşəcək.

Reaksiya.az məsələ ilə bağlı politoloq Elxan Şahinoğlunun münasibətini öyrənib.

E.Şahioğlu o fikirdədir ki, polisin aksiyaçıları dağıtmasının heç bir nəticəsi olmayacaq: “Ermənistan hakimiyyəti, Ermənistan prezidenti nə qədər diqqəti yayındırsın, tutaq ki, cəbhə bölgəsində təxribat yaratsın, atəşkəsi pozsun, bu, həqiqətən də işə yaramır. İnsanlar yenə də küçələrə axışmağa davam edirlər. Çünki Ermənistanda iqtisadi və sosial vəziyyət gərgindir. Müsbətə doğru da heç nə dəyişmir. Digər tərəfdən təxribata əl atanda da cavabında elə zərbələr alır ki, bu da onun işinə yaramır. İnsanlar bu itkilərə görə də Ermənistan hakimiyyətindən hesab sorurlar. Bu baxımdan proses getdikcə şiddətlənəcək. Üzü qışa doğru getdiyindən Ermənistan elektrik enerjisinin qiymətləri, qaz problemi ilə üzləşəcək. Hakimiyyət üçün vəziyyət getdikcə çətinləşəcək, çünki insanlar tələblərindən vaz keçməyəcəklər”.

Politoloq sentyabrın 13-də Dağlıq Qarabağda keçiriləcək “yerli seçkilər”ə də münasibət bildirib. O, keçiriləcək seçkiləri Ermənistanın növbəti təxribatı kimi qiymətləndirib: “Bu seçkilər qeyri-qanuni seçkilərdir. Çünki münaqişə həll olunmadan heç bir seçki keçirmək olmaz və bu, beynəlxalq hüquqlara da ziddir. Etnik təmizlikdən sonra bu seçki heç bir işə yaramır. Beynəlxalq təşkilatlar da bu məsələdə öz mövqelərini ortaya qoyublar. Ona görə də düşünürəm ki, seçkilərin nəticəsi həmişəki kimi yenə də tanınmayacaq. Bu, ermənilərin növbəti təxribatıdır. Seçki yalnız o halda keçirilə bilər ki, sülh anlaşması imzalansın və azərbaycanlılar Qarabağa geri qayıtsın. Və artıq azərbaycanlıların da iştirakı ilə yerli bələdiyyələrə seçki keçirmək olar”. 

Şərhlər