"Arzu Abdullayeva Avropanın dediklərini tutuquşu kimi təkrar edir"

12.09.2015 17:55     Siyasi reaksiya     2388

Kəlbəcər rayonundakı dədə-baba məzarlarını ziyarət etmək istəyərkən tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq bir ildən çoxdur erməni girovluğundadır.

Xatırladaq ki, erməni tərəfinin təşkil etdiyi “məhkəmə prosesi”ndə Dilqəm Əsgərov 22 il, Şahbaz Quliyev isə ömürlük həbs cəzasına məhkum olunub. 

Hüquq müdafiəçisi Arzu Abdullayeva mətbuata açıqlamasında bildirib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın “girovların dəyişdirilməsindən söhbət gedə bilməz” deməsinə baxmayaraq, erməni oğlanın Həsən Həsənov tərəfindən öldürülməsi təsdiqini tapacağı təqdirdə, Dilqəm və Şahbaz Azərbaycanda saxlanılan erməni girovlarla dəyişdirilə bilər.

Arzu Abdullayevanın bir azərbaycanlı olaraq bu fikri səsləndirməsi əlbəttə ki, birmənalı qarşılanmayıb.

Azərbaycanlı qadının Həsən Həsənovun kimisə öldürməsininin təsdiqini tapmasını deməsi ağıl almayacaq bir məsələdir. Dilqəmlə Şahbazın Azərbaycanda saxlanılan girovlarla dəyişdirilməsindən isə ümumiyyətlə söhbət belə gedə bilməz.

Reaksiya.az  “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilovla əlaqə saxlayaraq Arzu Abdullayevanın səsləndiyi fikirlərə münasibət öyrənib.

Anar Xəlilov Dilqəmlə Şahbazın Xankəndində saxlanılmasının ermənilərin azərbaycanlılara qarşı apardıqları aqressiv riyakar siyasətinin bir daha göstəricisi olduğunu bildirib: “Girovların orada tutulub saxlanılması belə qanunsuzdur və beynəlxalq hüquq normalarına  da cavab vermir. Bu gün Avropa qaçqınları bir daha sübut edir ki, insanlar yaşadıqları məkanı itirəndən sonra, təhlükəsizliklərinin qorunmasını görmədikdə, yaşamaq uğrunda mübarizədə artıq sərhəd tanımırlar, digər inzibati qanunlara riayət etmirlər. Bunu Avropada Suriyadan gedən insanlarda açıq görürük. Şahbazla Dilqəm də qaçqın idi, 23 ildir görürdü ki, həmin bu Avropa Arzu Abdullayeva kimi “hüquq müdafiəçiləri” Azərbaycanda Avropanın havadarlarıdır. Avropanın dediklərini tutuquşu kimi burda təkrar edirlər. Onların artıq yolları qalmamışdı, heç bir cinayət əməlinə yol vermədən ata-babalarının məzarını ziyərət etmək üçün təmas xəttini keçmişdilər. Orada kimisə öldürmələri ilə bağlı heç bir sübut yoxdur, o üzdən deyə bilmərik ki, Həsən Həsənov tərəfindən erməni öldürülüb. Bəlkə heç ümumiyyətlə orada erməni öldürülməyib. Azərbaycan tərəfi olaraq biz bunu bilmirik. Hesab edirəm ki, onlar adi vətəndaşdırlar, cinayət məsuliyyətinə cəlb edilib Xankəndində saxlanılmaları qanunsuzdur”.

Ekspert Arzu Abdullayevanın girovların dəyişdirilməsi ilə bağlı fikrinə təəssüfləndiyini vurğulayıb: “Dilqəmlə Şahbazın dəyişdirilməsindən söhbət gedə bilməz. Çünki bizdə Ermənistanın adi vətəndaşı yoxdur. Bizdə olanlar Ermənistanın hərbçiləridir, hansı ki, özləri də diversiya məqsədi ilə gəldiklərini etiraf edirlər. Dilqəmlə Şahbaz isə doğma yurdunun həsrəti ilə yaşayan sadə vətəndaşlardır. Biz Arzu Abdullayevanın mövqeyi ilə razılaşa bilmərik. Çox təəssüf edirəm ki, o, belə bir söz işlədib. O, Həsən Həsənovun qəddarcasına öldürülməsini unudaraq bu ifadəni işlədir”.

A. Xəlilov həmçinin onu da qeyd edib ki, Azərbaycan hökumətinin hər hansı bir yolla girovları azad edəcəyinə inanırıq: “Çox təəssüflər ki, Avropa da bizim səsimizi eşitmir, eşitmək istəmir. Ermənistanda cinayətkar hakimiyyət beynəlxalq hüquq və humanizmə söykənən heç bir qaydalara riayət etmir. Yeganə yolumuz ordumuz tərəfindən Xankəndini və  girovlarımızı da azad etməkdir. Necə ki, ölkə rəhbərliyi Mubariz İbrahimovun meyidini aldı, Ramil Səfərovu qaytardı, eləcə də Dilqəmlə Şahbazı da yaxınlarına qovuşduracaq”. 

Şərhlər