“Avropa demokratiyası?!” budurmu? - POLİTOLOQ

14.09.2015 17:20     Siyasi reaksiya     2220

“Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların davamlı olaraq təkmilləşdirilməsi təşkil edir. Eyni zamanda, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində xeyli təkmilləşdirmə işləri aparılıb”.

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi ilə bağlı bəyanatına münasibət bildirən politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, Qərbdəki bəzi dairələr “demokratiya” məsələsindən istifadə edərək müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bunu isə müxtəlif manipulyasiyalar vasitəsilə həyata keçirirlər: “Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi ilə bağlı bəyanatı bu qəbildən olan nümunələrdəndir. Bu, eyni zamanda, subyektiv mülahizələrə söykənən selektiv, qərəzli yanaşma örnəyidir. “Avropa demokratiya”sının nümunəsi olan bu cür yanaşma sadəcə olaraq gülüş doğurur, çünki ATƏT DTİHB belə mövqe ilə hələ keçirilməmiş seçkilərin nəticəsini şübhə altına almağa çalışır”.

“Bəlli olduğu kimi, Ermənistanda icimai-siyasi mühiti səciyyələndirən əsas reallıq repressiya dalğası, siyasi rəqiblərə qarşı terror və təzyiqlərdir” deyən politoloq əlavə edib ki, Ermənistan daim de-fakto siyasi krizis içindədir: “Əslində, bu, heç də təəccüblü deyil. Təəccüblü olan budur ki, daim demokratik dəyərlər və insan hüquqlarından bəhs edən Qərb, o cümlədən ATƏT və DTİHB kimi təşkilatlar Ermənistan hakimiyyətinin yaratdığı diktatura mühitindən, eləcə də saxta seçkilərdəki kütləvi hüquq pozuntularından narazılıq və narahatlıqlarını ifadə etmirlər. Əslində, bu cür subyektiv, loyal münasibət yeni deyil. Bu ölkədə seçkilər zamanı çoxsaylı insanlar repressiyaya məruz qalaraq öldürülən zaman Qərb təşkilatları öz hesabatlarında ikili standartlara istinad edərək Ermənistanı ciddi tənqid obyektinə çevirməmişdilər. Bəs, budurmu “Avropa demokratiyası?!”.

Şərhlər