"Rusiyanın Dağlıq Qarabağa qoşun yeritməsi nəzəri baxımdan mümkündür" - Üzeyir Cəfərov

17.09.2015 13:32     Siyasi reaksiya     2163

Xəbər verildiyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi hesab edilən "Stratfor" kəşfiyyat-analitik şirkəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

"Stratfor"un təhlilçiləri hesab edir ki, bu yaxınlarda Dağlıq Qarabağda status-kvo dəyişə bilər: "1994-cü ildə atəşkəs rejimi elan edildikdən sonra Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarəti altındadır və münaqişə dondurulub. Artıq Rusiyanın Qafqazla bağlı siyasəti ciddi şəkildə dəyişib. Yaxın vaxtlarda Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qoşunu yerləşdirilə bilər".

Onların sözlərinə görə, Azərbaycan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı gizli danışıq razılaşma əldə bilər. Bu isə gələcəkdə işğal olunmuş torpaqların rəsmi Bakının nəzarəti altına keçməsinə şərait yaradacaq.

"Stratfor"un təhlilçiləri, həmçinin onu da vurğulayıblar ki, Rusiyadan güclü şəkildə asılı olan Ermənistan bu plana qarşı çıxa bilməz.

 Reaksiya.az "Stratfor" kəşfiyyat-analitik şirkətinin açıqlamasının nə qədər real göründüyünü araşdırıb.

Hərbi ekspert Üzeyir Cəfərov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Rusiyanın Dağlıq Qarabağa qoşun yeritməsi ancaq nəzəri baxımdan mümkündür:

“Dünyanın irili-xırdalı təhlil mərkəzləri müxtəlif tipli məlumatlar yayırlar. Bir çox hallarda həmin məlumatlar təsdiqini tapmır. Sadəcə olaraq belə bir məlumat yayılıb və məlumatın kökündə də o durur ki, guya  Azərbaycanla Rusiya arasında razılıq əldə edilib. Bu günə qədər bütün problemlərin başında duran Rusiya ilə Azərbaycan  hansı razılığa gələ bilər ki. Dağlıq Qarabağ problemini əngəlləyən elə Rusiyanın özüdür. Düşünmürəm ki, Azərbaycan belə çox asanlıqla öz mövqelərini ələ versin. Əlbəttə ki, Rusiya regiona qayıtmaq üçün bütün variantlardan istifadə edir. Çünki Gürcüstan əlindən çıxıb, Azərbaycan da elə vəziyyətdədir ki, hələ onu tam demək olmaz ki, Rusiya Azərbaycanla bağlı bütün məqsədlərinə nail olub. Bütün bunlara rəğmən Rusiyanın Dağlıq Qarabağa qoşun yeritməsi nəzəri baxımdan mümkündür. Ancaq praktiki baxımdan yaxın perspektivdə bu mümkünsüzdür. Ona görə ki, ölkə ərazisində hərbi bazaların, əsgərlərin yerləşməsinə Azərbaycan qanunları icazə vermir”.

Ü.Cəfərov belə bir vəziyyətin gələcəkdə baş vermə ehtimalına da aydınlıq gətirib: “Hesab edirəm ki, bu, indiki halda mümkün deyil. Ola bilsin ki, bu barədə hər hansı danışıqlar olsun, ancaq bunun reallaşması belə asan məsələ deyil. Ortada hansısa razılaşma olmuş olsa belə bunun reallaşması üçün xeyli vaxt lazım olacaq”.

Şərhlər