İlk dəfə namizədliyi irəli sürülənlər - Elman Nəsirov

17.09.2015 15:09     Siyasi reaksiya     2757

Uzun müddət idi ki, hər kəs Yeni Azərbaycan Partiyasının (YAP) ölkədə noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacağını gözləyirdi. Və nəhayət ki, iki gün əvvəl YAP öz siyahısını açıqladı. Hakim partiya 118 dairədən namizədini irəli sürdü, 7 dairədən isə namizədini irəli sürmədi.  

Siyahıya nəzər saldıqda, görərik ki, Milli Məclisdə YAP-ı təmsil edən millət vəkillərinin bir qismi bu ilki siyahıda yer almayıb.

Hazırda Milli Məclisdə YAP-ı təmsil edən deputatlardan 53-nün namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyən əsasən rektor deputatlardır. YAP icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bildirmişdi ki, rektor deputatlar qarşısında seçim qoyulub və qərara alınıb ki, bir qismi rektor kimi qalsınlar, bir qismi isə Milli Məclisə keçiriləcək seçkilərə qatılsınlar. Bu dəfəki siyahıda, həmçinin, gənclər daha çoxluq təşkil edir.

Reaksiya.az YAP tərəfindən ilk dəfə deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovdan ona göstərilən bu etimada münasibət öyrənib.

Elman Nəsirov YAP-ın ona göstərdiyi etimadı yüksək qiymətləndiriyini bildirib: “Ölkə başçısı İlham Əliyev başda olmaqla YAP tərəfindən göstərilən bu etimad əlbəttə ki, məndə böyük qurur hissi doğurur. Bilirik ki, YAP yeganə partiyadır ki, kifayət sayda potensiallı kadrları var. Həmin kadrlar sırasından seçilmək çox böyük şərəfdir. Və mən var gücümlə çalışacağam ki, həm təbliğat kampaniyası çərçivəsində, həm də deputat seçildiyim təqdirdə həmin etimadı doğruldum. Bu gün mən artıq Göyçay şəhərindəyəm, seçki proseduralarını həyata keçirməyə başlamışıq. 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputat seçiləcəyim təqdirdə, ilk növbədə deputat-seçici münasibətlərini yüksək səviyyədə qurmağa, seçicilərimin qarşılaşdığı bütün problemləri həll etməyə çalışacağam. Mən, həmçinin beynəlxalq məsələlərdə aktiv fəaliyyəti olan insanam. Ona görə də Milli Məclisin beynəlxalq məsələlərində də aktivlik göstərəcəyimi, var gücümlə Azərbaycan xalqına xidmət edəcəyimi bildirmək istəyirəm”. 

Şərhlər