"Heç bir neqativ hal baş verməyəcək" - Politoloq

17.09.2015 16:17     Siyasi reaksiya     1988

Xəbər verildiyi kimi, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 70-ci sessiyası artıq öz işinə başlayıb.

Baş Assambleyanın birinci iclasında təşkilata üzv olan 193 ölkənin nümayəndə heyəti və BMT-nin baş katibi Pan Qi Mun iştirak edib.

Xatırladaq ki, az əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etmişdi. Ölkə daxilində kəskin etirazlarla qarşılanan qətnaməyə Xarici İşlər Nazirliyi dərhal sərt cavab vermişdi.

Ehtimal olunur ki, Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnaməsindən sonra  BMT-nin Baş Assambleyasının iclasında Avropa Birliyi ölkələrinin təzyiqi ilə yüksək tribunalardan Azərbaycanın əleyhinə  qərəzli ittihamlar səslənə bilər. Əlbəttə, bunlar yalnız ehtimallardır.

Reaksiya.az politoloq Elşad Mirbəşiroğlu ilə səslənən ehtimalları araşdırıb.

Politoloq ilk əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən danışıb: “Azərbaycanda bu və ya digər siyasi kampaniyaların keçirilməsi ərəfəsində belə qərəzli addımlar atılmasının dəfələrlə şahidi olmuşuq. Bu, sadəcə olaraq siyasi məqsədlərə hesablanmış addımlardır. Ümumiyyətlə bunları ciddiyə almaq lazım deyil. Ermənistan başda olmaqla dünyanın əksər ölkələrində çox böyük ciddi tənqidlərə məruz qalması halları baş verdiyi təqdirdə bu məsələlərə susqunluqla yanaşılır. Azərbaycana münasibətdə isə heç bir əsası olmadan hər hansı bir bəyanat qəbul edilir, fikirlər səsləndirilir. Bu baxımdan deyərdim ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə sırf qərəz xarakteri daşıyır”.

E.Mirbəşiroğlu Baş Assambleyanın sessiyasında Azərbaycanı nələrin gözlədiyini də açıqlama gətirib: “BMT Baş Assambleyasının sesiyasında Azərbaycana münasibətdə analoju hadisənin baş verməsinə gəldikdə isə, hesab edirəm ki, belə bir hal baş verməyəcək. Çünki BMT daha ciddi bir təşkilatdır, əsası olmadığı halda hər hansısa qərəzli fikirləri səsləndirməsi təşkilatın özünün nüfuzuna xələl gətirə bilər. Bu günkü gün üçün, məsələn, BMT Ermənistan haqqında tənqidi fikirlər səsləndirə, digər ərazilərdə baş verən vəziyyətlərə qiymət verə bilər. Azərbaycanda hazırda kifayət qədər stabil, davamlı inkişafda olan cəmiyyət mövcuddur və Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının qorunması, demokratik prinsiplərin gözlənilməsi istiqamətində uğurlu addımlar atır. Bu baxımdan hesab edirəm ki, heç bir neqativ hal baş verməyəcək”. 

Şərhlər