"Qarabağ problemi Moskvada müzakirə edilə bilər"

21.09.2015 16:19     Siyasi reaksiya     1935

Xəbər verildiyi kimi, sentyabr ayının 23-də Moskvada Cümə məscidinin açılışı olacaq.

Bir sıra ölkə prezidentləri ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyev də tarixi hadisə olacaq Moskva Cümə məscidinin açılışına dəvət olunub.

Rusiyanın Müftilər Şurasının sədr müavini Ruşan Abbyasov bildirib ki, açılışda İlham Əliyevlə yanaşı bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də iştirak edəcək.

Ruşan Abbyasov mətbuata açıqlamasında deyib: “Biz qardaş Azərbaycan xalqının nümayəndələrinin açılışa qatılacağını səbirsizliklə gözləyirik. Prezident İlham Əliyev və Allahşükür Paşazadəyə də dəvətnamə göndərmişik ki, onlar da Moskvada Cümə məscidinin açılışında iştirak etsinlər. Sözsüz ki, bu gün Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır və onlar məscidin tikilməsinə əhəmiyyətli töhfə veriblər”.

Xatırladaq ki, son dönəmdə Dağlıq Qarabağ məsələsi ətrafında aparılan danışıqlar çox intensivləşib. Ehtimal olunur ki, bu səfər çərçivəsində də İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında Dağlıq Qarabağ məsələsi növbəti dəfə müzakirə edilsin.

Reaksiya.az məsələ ilə bağlı politoloq Qabil Hüseynlidən münasibət öyrənib.

Politoloq bildirib ki, Dağlıq Qarabağla bağlı danışıqlarda Putinlə görüşün xüsusi əhəmiyyəti var: “Çünki Putinin tənzimləmənin ən optimal variantını irəli sürəcəyi ehtimal edilir. Bir məsələ də ortaya çıxıb ki, Rusiya Dağlıq Qarabağa sülhməramlı qüvvələr adı altında qoşun yeritmək fikrinə düşüb. Azərbaycan isə buna etiraz edir. Ola bilsin ki, məsələnin müxtəlif çalarları yenidən müzakirə ediləcək və yenidən bir ortaq nəticəyə gəlinəcək. Hər halda Rusiya ilə 7 rayonun taleyi məsələsində ciddi irəliləyişlər əldə olunub. Prezidentlərin görüşündə də bu məsələ daha ciddi müzakirə edilə bilər və özünün konkret mərhələsinə daxil ola bilər”.

Şərhlər