125 – lərin sədr müavini: “Əlimizə fürsət düşüb”…

13.06.2015 10:36     Siyasi reaksiya     1860

Reaksiya.az əməkdaşının “Bakıda keçirilən I Avropa oyunları ərəfəsində və hal - hazırda bəzi qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyası keçirirlər. İçimizdən bəzi qüvvələr də buna dəstək olurlar. Sizcə bunun kökündə nə dayanır?” – sualını cavablandıran 125-lər Siyasi Klubunun sədr müavini, Ümid Partiyası Ali Məclis Sədrinin müavini Tamilla Qulami bildirib ki, əslində maraqlı olan da budur ki, niyə qorxsunlar Azərbaycandan: “Bu qorxu deyil. Əsasən öz içimizdəkilərdən soruşmaq istərdim ki, niyə hakimiyyət və dövlətçilik maraqlarının nə olduğunu bilə-bilə yanlış mövqe sərgiləyirlər? Fərdi maraqlarmı üstündür? Təəssüf ki, bəzi tərəflər anlamaqda çətinlik çəkir ki, idman və mədəniyyət hər zaman sülhə və dostluğa xidmət edib. Bəzi beynəlxalq təşkilatlar, öz içimizdə olanlar (fərd olaraq, hakimiyyətə qarşı olan nifrətlərindən dolayı) Bakıda keçirilən Avropa Oyunlarından öz siyasi intriqalarını həyata keçirmək üçün istifadə etməklə Azərbaycan dövlətinə qarşı xoş olmayan siyasət yürüdür. Uinston Çörçill yaxşı deyib, həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolanır. Əlimizə fürsət düşüb, elə həqiqət nədirsə, özləri gəlsin, görsün. Problemlər, insan haqlarının pozulması deyirik, təşkilatlar ən azından kənardan bəyanat verib hakimiyyəti tənqid etməkdənsə, gəlib, lap elə kobud dildə deyək, nəyin nə olduğunu özləri görsələr, yaxşı deyilmi? Ölkəmizdə yaşadığımız problemlər olub, olacaq da. Qəbul etməliyik ki, bu bizim dövlətin uğurudur. Xalqlar arasında dostluqların möhkəmlənməsi, gənclərin bir-birlərini tanıması, müharibə şəraitində olan ölkədə geosiyasi vəziyyətini nəzərə alaraq qonşuluq siyasətinin inkişaf etdirilməsi nə qədər önəmlidir, fərqində deyillərmi?! Oyunların açılış mərasimində görün ki, Azərbaycanı, onun qısaca da olsa tarixini, mədəniyyətini nə qədər ölkə izlədi. Sonda qeyd edim ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə sərt mövqe bildirənlər, bu gün açılışda iştirak etmək üçün özlərini oda-közə vururdular ki, bilet tapsınlar.Biletlərin qiymətini də siz yaxşı bilirsiniz”…

Şərhlər

Çox oxunanlar