7 rayon Azərbaycana qaytarılacaqmı? - Ekspert rəyi

22.09.2015 18:05     Siyasi reaksiya     2085

Amerikanın “Stratfor” araşdırmalar mərkəzi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti təhlil dərc edilib.

Mərkəzin fikrincə, Rusiya ilə Azərbaycan arasında Dağlıq Qarabağ məsələsi ətrafında gizli danışıqlar gedir. Hazırlanan yeni plan mövcud vəziyyətin dəyişməsinə təkan verəcək.  Mərkəz bunu Qarabağ münaqişəsinin hazırkı yeni mərhələyə daxil olması, tərəflərin hərbi təlimləri artırması  ilə əlaqələndirir.

“Stratfor” təhlilçiləri belə bir iddia irəli sürürlər ki, Dağlıq Qarabağ məsələsində diplomatik fəaliyyətin güclənməsi müşahidə olunur və bu da onu deməyə əsas verir ki, bu məsələdə Ermənistanla  Rusiyanın mövqeyi zəifləyib. Münaqişədə Azərbaycan tərəfinin mövqeyi isə daha da yaxşılaşıb.

Təhlilçilər onu da qeyd edirlər ki, tərəflər arasında hazırlanan plana əsasən Dağlıq Qarabağa rus sülhməramlıları yeridiləcək və bundan sonra regionun Bakının nəzarətinə qaytarılmasına imkan yaradılacaq. Bu məsələdə Ermənistanın etirazları isə nəticəsiz qalacaq. 5 min rus hərbçisinin yerləşdiyi Ermənistan zatən Moskvadan asılı vəziyyətdədir.

Reaksiya.az “Stratfor” araşdırmalar mərkəzinin təhlilində yer alan ehtimalların həqiqətlə nə qədər uyğun olduğunu araşdırmağa çalışıb.

Millət vəkili, politoloq Zahid Oruc bu məsələ ilə bağlı sualları cavablandırıb.

Zahid Oruc ilk əvvəl beynəlxalq aləmdə “Stratfor” araşdırmalar mərkəzinin rolundan danışıb: ““Stratfor” beynəlxalq məkanda çox mühüm siyasi mərkəz, ciddi analitik ünvan kimi tanınır və onların rəyləri ilə hesablaşırlar. Beyin mərkəzidir, ciddi bir siyasi institutdur, bir çoxları bunu mərkəzi kəşfiyyat idarəsinin “kölgə institutu” adlandırır. Bəzən kəşfiyyat məlumatlarının sızdırılması vasitəsi ilə cəmiyyət rəyini formalaşdırmaq və hansısa ictimai prosesləri arzuolunan istiqamətdə aparmaq, siyasəti yeni müstəvidə meydana çıxartmaq, hətta bəzən rəyləri azdırmaq, əsas aparıcı mövqeləri pərdələmək üçün belə mərkəzlərin fəaliyyətindən geniş istifadə olunur. Birmənalı şəkildə deyə bilərik ki, bu mərkəz sadəcə fantaziyalarını, əsassız hansısa öncəgörmələrini deyil, bir sıra hallarda sosioloji bazası güclü olan ciddi strateji təhlillərini ifadə edə bilirlər".

Politoloq mərkəzin təhlilləri ilə bağlı məsələyə geniş münasibət bildirib: “Qeyd etdiyiniz məsələ ilə bağlı konkret olaraq söyləmək lazımdır ki, Azərbaycan indi öz taleyinin ağasıdır. Çünki bizim üçün keçmişdə vəziyyət bundan qat-qat fərqlənirdi. Sayın Ərdoğanın çox sevdiyim bir ifadəsi var. O deyir ki, “Güclü ölkə odur ki, öz gündəliyini özü formalaşdıra bilsin”. Bu o deməkdir ki, bizə kənar ideyalar, kənar hadisələr, kənar maraqlar, diktələr sırınanda ölkənin gündəliyi öz vəziyyətindən, gerçək real məsələlərdən çıxır, sanki başqa bir ölkənin sakini kimi yaşayırsan. Yaxın Şərqdə hazırda həmin vəziyyət mövcuddur. Azərbaycan gerçəkdən müstəqil ölkədir. Həqiqətən də biz 1991-ci ildə azadlığımızı bəyan edəndə əsal müstəqilliyin öz siyasi kursunu, suverenliyini, qərarlarını, haqlarını, müəyyənləşdirməyə görə suverenelik qazanılmasını bəlkə də bu cür dərk etməzdik. Qarabağ məsələsinə görə Azərbaycan Rusiya tərəfindən, yaxud Ermənistanın təcavüzkarlığı, təxribatları ilə meydana gələn məsələləri bloklaya bilir, onları neytrallaşdırır və onu regional müstəviyə çıxmasının qarşısını alır”.

Millət vəkili mərkəzin Rusiyanın 7 rayonu qaytarmağa hazır olması məsələsinə ətraflı şəkildə aydınlıq gətirib: “Gördüyümüz kimi, təkcə “Stratfor” vasitəsilə deyil, bəzən Türkiyə mediası, Rusiya mətbuatı, hətta başqa neytral beynəlxalq informasiya qurumlarından biz oxuyuruq ki, 7 rayon qaytarılacaqdır, kommunikasiyaların aşılması mümkün olacaqdır. Yalnız bundan sonrakı dövrdə artıq münaqişəni tam inkar edən siyasət düzənlənəcəkdir, məsələn, dəmir yol həm Ermənistandan keçsin, həm də Azərbaycandan, həm də Rusiyaya doğru. Tərəflər daha silaha əl atmayacaqlar və sair. Bu mövqelər tirajlanır. İnformasiya müstəvisində belə məsələlər bizim xeyrimizədir. Beynəlxalq fikirdə Qarabağ və Qarabağ ətrafı ərazilər anlayışının bir-birindən ayrılması bizim siyasi hədəflərimizə təmamilə uyğundur. Yekun olaraq onu söyləyim ki, bu gün beynəlxalq vəziyyət Qafqazlara da güclü təsir edir. Biz uzun müddətdir ki, ATƏT Minsk qrupunun gəlişini şərh etməkdən, müxtəlif görüşləri təhlil etməkdən gəldiyimiz qənaət ondan ibarətdir ki, ölkə rəhbəri bu regional prosesləri, beynəlxalq şəraiti dəyərləndirir, ən mühüm məqamda elə bir qərar verməyə çalışır ki, bu kütləvi itkisiz olaraq Azərbaycanı öz bütövlüyünə qovuşdursun. Mənə elə gəlir ki, hazırkı xarici konfrantasiyalar şəraitində belə bir dönəm yaranacaq. O üzdən də “Stratfor”un analizlərini bu cür dəyərləndirməliyik ki, Azərbaycan öz mövqeyini, diplomatik səylərini bundan sonra da gücləndirərək beynəlxalq aləmə işləməlidir”.

Şərhlər