"Rusiya müsəlmanlarla başının ağrımaması üçün özünü sığortalıyır” - Ekspert rəyi

23.09.2015 11:04     Siyasi reaksiya     2006

Xəbər verildiyi kimi, bu gün Rusiyada Moskva Cümə məscidinin açılış mərasimi baş tutacaq. Bir çox müsəlman ölkələrinin prezidentləri ilə yanaşı ölkə başçımız İlham Əliyev də tədbirə dəvətlilər sırasındadır.

Xristian dinli ölkə olan Rusiyada İslam dininə qarşı belə bir ehtiramın göstərilməsi, məhz paytaxt şəhərində məscidin inşa olunması və üstəlik də geniş şəkildə təmtəraqlı açılış mərasimi təşkil edilməsi əlbəttə ki, çox xoş bir hadisədir.

Nəzərə alsaq ki, Rusiya indiyə qədər öz çıxarları olmayan bir işə qol qoymayıb və ya hər hansı bir addımı atanda məsələnin alt qatında, görünməyən nəsnələr dayanır. Elə məhz o üzdən indi də ehtimal olunur ki, bu məscidin də inşa edilməsinin, ümumiyyətlə Rusiyanın müsəlman aləminə özünü yaxşı göstərməyin arxasında başqa planlar var. Müsəlman dövlətlərində vəziyyətin gərginləşməsi, rəsmi ABŞ-ın həmin ölkərlərə göstərdiyi münasibətlər bu fikri yürütməyə əsas verir.

Ehtimal olunur ki, Moskva Cümə Məscidinin açılışı Rusiyada, ümumiyyətlə Qərbdə xristianlarla müsəlmanlar arasında olan ziddiyyətlərin aradan qaldırmasına müsbət mənada təkan verəcək.

Ehtimalların özünü nə qədər doğruldacağını Reaksiya.az fəlsəfə doktoru, dinşünas Elvüsal Məmmədovla müzakirə edib.

E.Məmmədov Rusiyanın islam aləmi ilə bağlı belə bir addım atmaqla iki məqsədinin olduğunu bildirdi. Birinci məqsəd olaraq onu göstərdi ki,  Rusiya bu məscidi açmaqla müsəlman dünyasında, xüsusilə də daxildə artan müsəlman ekspansiyasının rəğbətini qazanmaq istəyir: “Rusiya özünün İslama və müsəlman dünyasına qarşı necə tolerant davrandığını göstərmək fikrindədir. Təbii ki, bu formal ola bilər, çünki Rusiyanın tarixən də, indi də müsəlman şərqinə, müsəlman dünyasına, müsəlman dininə münasibəti bəllidir. Görünür, Rusiya ən çox Qərbə mesaj vermək istəyir ki, ölkəmizdə müxtəlif dinlərə, o cümlədən İslam dininə qarşı tolerant bir mühüt mövcuddur. Rusiya həm müsəlman şərqinə mesaj verir, ozünü onlara mülayim davrandığını, rəğbəti olduğunu, həmçinin son dövrdəki bu böhran qarşısında müsəlman Şərqini, xüsusilə də neft ölkələrinin dəstəyini qazanmaq düşüncəsindədir. Bu, ola bilsin ki, iqtisadi və digər dəstəklərdir. Həm də Qərb qarşısında öz mövqeyini möhkəmləndirir”.

Dinşünas ekspert Rusiyanın ikinci məqsədini isə belə izah etdi: “Hazırda Rusiya daxilində genişlənməkdə olan müsəlman ekspansiyası,  yəni dinin güclənməsi var. Görünür ki, Rusiya gələcəkdə müsəlmanlarla başının ağrımaması üçün  özünü sığortalıyır”.  

Şərhlər