AMİP-dən seçki açıqlaması - "Yenidən baxılacaq"

23.09.2015 14:56     Siyasi reaksiya     2029

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın irəli sürdüyü namizədlərin bir qisminin də iştirak etdiyi iclasda 01 noyabr 2015-ci il tarixli parlament seçkiləri əsas müzakirə mövzusu olub.

Reaksiya.az xəbər verir ki, iclasda AMİP rəhbərliyinin son günlər ərzində Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Böyük Britaniyanın və ABŞ-ın Azərbaycandakı səfirləri, AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri ilə görüşləri, eləcə də seçkilərə hazırlıqla bağlı məsələlər, imza toplama kompaniyası və ayrı-ayrı seçki dairələri üzrə mövcud durum barədə məlumatlar dinlənilib.

ATƏT DTİHB-nin seçkilərə müşahidə missiyası göndərməkdən imtina qərarı iclas iştirakçıları tərəfindən təəssüf hissi ilə qeyd olunub, daxil olan məlumatlara əsasən artıq bir çox yerlərdə inzibati resurslardan bəlli namizədlərin xeyrinə istifadə olunması faktlarının olduğundan narahatlıq ifadə olunub. Bir sıra SŞ üzvləri və bəzi namizədlər mövcud şərtlər daxilində seçkidə iştirakın mənasızlığı barədə fikirlər səsləndiriblər.

Yerlərdən gələn təkliflər nəzərə alınmaqla bütün məlumatlar diqqətlə araşdırılıb və hadisələr hazırki istiqamətdə davam edərsə, AMİP namizədlərinin seçkilərdə iştirakı məsələsinə yenidən baxılması qərara alınıb.

Şərhlər