"Türkiyədə yeni hökumət Azərbaycan üçün də önəmlidir" - Təhlil
13.06.2015 22:10 Siyasi reaksiya 1886
"Ərdoğanın prezidentlikdən istefa verib pariya rəhbərliyinə qayıdacağı barədə proqnozların əsası yoxdur".
Bunu Reaksiya.Az-a açıqlamasında politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Türkiyə prezidenti AKP-nin parlament seçkilərində qələbəsi üçün əlindən gələn dəstəyi göstərsə də, partiyanın əvvəlki seçkilərdəki yüksək səs faizi toplamaması və koalision hökumət seçimi qarşısında qalması əksər elektoratın iqtidardan bir qədər yorulduğundan xəbər verir.
"Əhməd Davudoğlunun siyasi fakturası Ərdoğandan nə qədər zəif olsa da, lazımi qələbənin əldə olunmamasına görə onu da ittiham etmək yersizdir. Hazırda Ərdoğan da heç nəyi dəyişə bilməz. İqtidar konstitusiyanı dəyişib prezident respublikası qurmağa ümid edirdi, lakin bu seçkilərdən sonra Ərdoğan öz hədəflərinin bir qismindən imtina etməli olacaq. Yeganə çıxış yolu MHP və CHP ilə koalision hökumət qurmaqdır,amma bunun da səmərəsi Əhməd Davudoğlunun müxalifətlə danışıqlarından asılıdır", - deyə politoloq vurğulayıb.
Lakin E.Şahioğlunun fikrincə, müxlaifət liderləri koalisiyaya asanlıqla razı olmayacaqlar və hətta koalision hökumət qurulsa belə, hökumətin siyasətindəki balans pozulma və dəyişikliklərə təhlükəsi ilə üz-üzə qalıb: "Ölkənin xarici siyasətinə redaktələr tələb oluna bilər, Türkiyə ictiaiyyəti davamlı kabinet münaqişələri ilə üzləşə bilər. Tarixi təcrübə də göstərir ki, Avropada uğurlu olan koalision hökumət vairantı Türkiyədə uğurlu olmayıb. Fikrimcə, bu, iqtidarın əvvəlki kimi qətiyyətli addımlar atmasına mane olacaq. Çünki partiyaların ideologiyaları və iqtisadi məsələlərə baxış bucaqları da fərqlidir. Türkiyədə yeni hökumət Azərbaycan üçün də önəmlidir və bizim əsas tərəfdaşımızla münasibətlərin inkişafını koalision hökumətin sərgilədiyi mövqe, atılan addımlar müəyyən edəcək".
O, HDP-ni PKK-nın və ekstremist kürd təşkilatlarının siyasi qanadı kimi dəyərləndirərək, bu partiyanın Türkiyə siyasətində müxtəlif manevr cəhdlərini də şərh edib: "Bölgədəki proseslərə, İraq və Suriya məsələsinə, həəmçinin Türkiyə-Ermənistan və Türkiyə-Azərbaycan münasibətlərinə müəyyən təsir etmək cəhdləri ilə üzləşə bilərik. HDP-nin Ermənistanla sərhədləri açmaq çağırışı parlamentdə yenidən və davamlı olaraq gündəmə gələ bilər ki,bu da Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcək. Digər tərəfdən, dağlara çəkilən silahlı kürdlərin parlamentdə təmsilçi gücü artıb, bundan sonra silahı yerə qoymaq zamanıdır. Bununla belə, HDP-nin radikal addımlar atması bu partiyaya göstərilmiş etimadı da şübhə altına sala bilər. Çünki HDP-də yalnız kürd təşkilatları deyil, Ərdoğandan narazı olan marjinal türklər və digər milli azlıqlar da təmsil olunur. Əgər HDP yalnız PKK maraqlarından çıxış etsə, o zaman bu partiyanın özündəki qopmaları da tezliklə görə bilərik".
Elxan Şahinoğlu əlavə edib ki, bu seçkilərdən sonra Türkiyə üçün çətin sınaq dövrü başlayıb və yeni hökumətin təşkilində, eləcə də sonrakı fəaliyyətində həm AKP, həm də MHP və CHP rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür: "Müxalifət və iqtidar arasındakı dialoq ölkənin taleyini müəyyən edəcək".
Rüfət
Reaksiya.Az
Şərhlər