"Sarkisyanın bəyanatından nəticə çıxarılmalıdır" - Ekspert
28.09.2015 14:16 Siyasi reaksiya 1902
Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan "Dağlıq Qarabağ Ermənistan ərazisidir" bəyanatı verib.
Sarkisyanın məlum bəyanatı ilə yanaşı son vaxtlar Azərbaycan-Ermənistan sərhədində ikinci tərəfin gərginliyi artırması ondan xəbər verir ki, hazırda Ermənistan aqressiv mövqe sərgiləyir. Rusiyanın Azərbaycanın 7 rayonunun mərhələ-mərhələ deyil, birbaşa geri qaytarmağa hazır olması ətrafında xəbərlər yayıldıqdan sonra Ermənistanın aqressiyasının səbəbi artıq aydındır. Politoloqlar qeyd edir ki, Ermənistanın cəbhə xəttində gərginliyi artırması, eləcə də Sarkisyanın məlum bəyanatı danışıqlar prosesini pozmağa yönəlib. Ancaq Sarkisyan fərqində deyil ki, son bəyanatı Azərbaycanın deyil, Ermənistanın əleyhinə yönəlib və bununla da Ermənistan işğalçı dövlət olduğunu öz dilindən dünyaya bəyan edib.
Baş verən son hadisələrdən sonra cəmiyyətdə Ermənistan-Azərbaycan məsələsi ətrafında müxtəlif fikirlər yaranıb. Bəziləri iddia edirlər ki, Ermənistan artıq Qarabağ məsələsində uduzub, Rusiya indi Azərbaycanı dəstəkləyir. Və qısa zamanda 7 rayonun geri qaytarılması baş tutacaq. Digərləri isə düşünür ki, bu ilin sonunda Ermənistanla Azərbaycan prezidentlərinin gözlənilən görüşü baş tutmayacaq. Bu görüş baş tutsa belə Azərbaycan növbəti dəfə də Dağlıq Qarabağ məsələsində heç bir nəticə əldə edə bilməyəcək.
Reaksiya.az yaranmış fikirlərə aydınlıq gətirmək məqsədilə politoloq Qabil Hüseynli ilə son hadisələr ətrafında danışıb.
Politoloq ilk əvvəl Sarkisyanın məlum bəyanatı ətrafında danışıb. O bildirib ki, Sarkisyan son bəyanatı ilə Ermənistanın işğalçı dövlət olduğunu aydınca ortaya qoyub: “İndiyə qədər Ermənistanı işğalçı siyasət aparmaqda ittiham etmək istəməyən ölkələr, ilk növbədə həmsədr dövlətlər Sarkisyanın bu bəyanatından nəticə çıxartmalıdır və Ermənistanı öz adı ilə, işğalçı dövlət kimi tanımalıdırlar. Düşünürəm ki, Azərbaycan bu məsələni BMT səviyyəsində də qaldıra bilər. Doğrudur, BMT-nin dörd qətnaməsində Ermənistanın işğalçı olduğu bu və ya digər formada ifadə olunur, amma bu dəfə Sarkisyanın dilindən ya BMT-nin Təhlükəsizlik Şurasında, ya da Məclisində bununla bağlı məsələ qaldırıb Ermənistanın mövqeyinin siyasi cəhətdən qiymətinin verilməsinə nail olmaq lazımdır. Eyni sözləri Avropa Şurası haqqında da demək olar. Doğrudur, Avropa Şurası Ermənistanı təcavüzkar dövlət kimi dəyərləndirib, amma daha yerli-yataqlı, daha dəqiq məlumatlara əsaslanaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar olaylarını geniş bir siyasi qiymətlə Qətnamə şəklinə saldırmaq olar”.
Politoloq məlum bəyanatın və cəbhə xəttində baş verənlərin iki ölkə arasında gedən danışıqları pozmağa hesablandığını vurğulayıb: “Son vaxtlar cəbhədə gərginləşdirməyə çalışmaq isə sülhyaratma prosesi ilə əlaqədar olaraq həm həmsədrlərin, həm də ki, Rusiyanın fəallaşması ilə bağlıdır. Ermənistan 7 rayonun qaytarılması məsələsinə ciddi müqavimət göstərir. Və çalışır ki, 7 rayon birdən deyil, mərhələli sülh planına əsasən 2-3-5 rayon qaytarılmaqla məsələnin çözülməsinə nail olsun. Amma məsələ burasındadır ki, Azərbaycanın kəskin mövqeyi var, Azərbaycan hələ ki, bu məsələnin birinci mərhələsində 7 rayonun geri qaytarılmasını istəyir. Dağlıq Qarabağ statusunu isə sonradan həll etməyi təklif edir”.
Qabil Hüseynli hesab edir ki, Sarkisyanın məlum bəyanatı Azərbaycanın beynəlxalq arenadakı əlini daha da qüvvətləndirəcək: “Hələ elə bir dövlət yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab etməsin. Amma Sarkisyan dünya ictimai rəyinin əleyhinə gedərək belə məsuliyyətsiz bir ifadə işlədir. Onsuz da onun bu sözləri söyləməsi Ermənistanın xeyrinə olaraq heç bir işə yaramayacaq. Əksinə olaraq, dünyanın əksər dövlətləri Ermənistanla bağlı mövqelərində ciddi dəyişiklik edəcək. Azərbaycan tərəfi Sarkisyanın bu bəyanatından istifadə edərək qondarma Dağlıq Qarabağ Respublikasını özünün ərazisi hesab edən bir dövləti siyasi mühakimə etmək üçün bütün vasitələrə əl atmalıdır. Bu bəyanatdan sonra Azərbaycan beynəlxalq münasibətlərdə, beynəlxalq aləmdə daha aktiv olmalıdır, Ermənistanın ifşa edilməsi istiqamətində daha fəal xarici siyasət xətti formalaşdırmalıdır. Elə bir mühit yaradılmalıdır ki, qarşıdakı görüşdə Ermənistanın qeyri konstruktiv, hiyləgər, manevr xarakterli mövqe tutmasına yer qalmasın”.
Politoloq iki ölkə prezidentlərinin bu ilin sonunda baş tutması gözlənilən görüşünə də münasibət bildirib. Vurğulayıb ki, prezidentlərin görüşü mütləq baş tutacaq: “Ermənistanla Azərbaycan xarici işlər nazirlərinin görüşünün baş tutması mühüm mərhələ idi. Çünki indiyə qədər onların görüşü baş tutmamışdı. Həmin görüşdə hər iki tərəfin prezidentlərin görüşünü hazırlayacaqlarına söz verməsi bu danışıqlar prosesində canlanmanın əmələ gəlməsinə işarədir”.
Şərhlər