Azərbaycan Prezidenti Türkmənistan Baş nazirinin müavini ilə görüşdü
28.09.2015 15:37 Siyasi reaksiya 2041
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkmənistanın Baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib.
Reaksiya.az xəbər verir ki,baş nazirin müavini Baymurad Xocamuhammedov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə ölkələrimizin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini və sosial-iqtisadi sahədə yaxşı nəticələr qazandıqlarını məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı Türkmənistan Baş nazirinin müavini Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Şərhlər