“Azərbaycana etibar edirlər” - POLİTOLOQ

29.09.2015 17:08     Siyasi reaksiya     2132

“Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurları şərtləndirən amillərdən biri ölkəmizin dünya miqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir. Xüsusilə də, beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi hüququnun iqtisadi baxımdan güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana etibar edilməsi xüsusi strateji əhəmiyyət kəsb edir”.

Bu fikri politoloq Nurlan Qələndərli Reaksiya.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar bu qəbildən olan nümunələr sırasındadır: “IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində digər bir vacib amil isə Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Eyni zamanda, ölkəmiz islami dəyərlərin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Prezident İlham Əliyev bildirib ki, bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Bir sözlə, IV İslam Həmrəylik Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayacaq”.

Şərhlər