Nazir postundan gedir? - Mətbuat xidməti isə susur

01.10.2015 17:46     Siyasi reaksiya     2185

Ölkə mətbuatında hakimiyyətdə növbəti kadr dəyişikliyi ediləcəyi ilə bağlı fikirlər dolaşır. Belə ki, müsavat.com saytının yazdığına görə bu dəfə xarici işlər naziri Elmar Məmmədyarov tutduğu vəzifədən göndəriləcək. Artıq naziri əvəz edəcək kadrın tapıldığı da vurğulanır.

Xarici işlər naziri haqqında yayılmış bu məlumat onunla əsaslandırılır ki, Məmmədyarov səfirliklərin işinə nəzarəti itirib. Xatırladaq ki, bu nazir haqqında yayılmış ilk xəbər deyil. Bundan əvvəllər də XİN-də kadr siyasəti və korrupsiya faktları haqda müxtəlif formalı məlumatlar yayılmışdı. Həmçinin, Arif Məmmədovla bağlı qalmaqal, səfirliklərlə bağlı korrupsiya faktlarının etiraf edilməsi, onların haqqında cinayət işi açılması idarəetmədə ciddi nöqsanlara yol verildiyi gündəmə yansımışdı. Və bütün bu məlumatlar öz növbəsində hakimiyyətin “hücum diplomatiyası”nı yenidən işə salacağını deməyə əsas verir.

Yayılmış məlumatlarda o da yer alıb ki, 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda ölkə prezidenti XİN-nin fəaliyyətini tənqid edən çox sərt fikirlər səsləndirib.

Hakim mənbələrdən alındığı iddia edilən məlumatlarda o da vurğulanır ki, Elmar Məmmədyarovla bağlı qərar verilib. Ölkədə keçiriləcək parlament seçkilərindən sonra nazir öz postundan göndəriləcək. Belə ki, o, BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin ediləcək. Həmin vəzifəni hazırda icra edən Yaşar Əliyev isə XİN-nə müavin vəzifəsinə gətiriləcək.

O da qeyd edilir ki, Azərbaycan xarici işlər naziri postuna gətiriləcək namizəd şəxslər də artıq müəyyən edilib. Namizədlər sırasında Araz Əzimovun, Novruz Məmmədovun və Azay Quliyevin adı hallanır. Ancaq o da bildirilir ki, hakimiyyət tərəfindən daha çox Araz Əzimovun namizədliyi dəstəklənir. 

Reaksiya.az yayılmış xəbərlərin həqiqətə uyğun olub-olmadığını araşdırmaq məqsədilə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışıb. Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev telefon zənglərinə cavab verməyib.

 

Şərhlər