“Mətbuat Şurası seçkilərlə bağlı məlumatları diqqət mərkəzində saxlayır” - Umud Mirzəyev - VİDEO
02.10.2015 13:57 Siyasi reaksiya 2335
“Mətbuat Şurasının üzvləri seçki günü də seçki məntəqələrində olur, jurnalistlərə yaradılmış şəraitlə maraqlanırlar”.
Reaksiya.az xəbər verir ki, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda seminarda çıxışı zamanı Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib.
Onun sözlərinə görə, Mətbuat Şurası fəaliyyətində KİV-in seçkiləri qərəzsiz, ədalətli işıqlandırmasına xüsusi önəm verir: “Seçki dövründə media orqanlarının təşviqat kampaniyası ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Mətbuat Şurasının apardığı monitorinqlər zamanı KİV-də seçkilərlə bağlı məlumatlar diqqət mərkəzində saxlanılır, balans prinsipinin pozulması, kontekstdən çıxarılmış fikirlərlə manipulyasiya və digər mənfi hallar nəzərə alınır. Mətbuat Şurasının üzvləri bu dəfə də seçki günü seçki məntəqələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayacaq”.
Müəyyən dairələrin anti-Azərbaycan kampaniyasına toxunan U. Mirzəyev beynəlxalq aləmdə Azərbaycan xalqının və dövlətinin müsbət imicinin formalaşması istiqamətində mətbuatın fəaliyyətinin önəmli olduğunu bildirib.
Qeyd edək ki, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, KİV rəhbərləri, MSK üzvləri iştirak ediblər.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda azad, plüralist cəmiyyət quruculuğu və bu prosesdə mətbuatın rolu barədə danışıb.
Məzahir Pənahov namizədlərin qeydiyyata alınma müddətinin bu gün başa çatdığını, oktyabrın 9-dan təşviqat kampaniyasına start veriləcəyini nəzərə çatdırıb.
Şərhlər