Elmar Məmmədyarov Panamanın ticarət və sənaye naziri ilə görüşdü

06.10.2015 11:25     Siyasi reaksiya     1923

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panamaya rəsmi səfəri çərçivəsində bu ölkənin ticarət və sənaye nazirinin vəzifələrini icra edən Nestor Qonzales ilə görüşüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Panama arasında iqtisadiyyat, nəqliyyat, sərmayə qoyuluşu və enerji sahələrində əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd edilib.

Nestor Qonzales Panamanın Mərkəzi və Cənubi Amerika regionunda iqtisadi artım göstəricisinə görə aparıcı dövlət olduğunu bildirərək, Panama Hökuməti tərəfindən həyata keçirilən tədbirlər və xarici sərmayəçilərin cəlb edilməsi üçün yaradılmış münbit şərait haqqında danışıb. Panamanın gəlirlərinin əsas hissəsinin Panama kanalından əldə edildiyini qeyd edən nazir Azərbaycandan olan sərmayəçilər və şirkətlərin də sözügedən kanalın infrastrukturu və xidmət sektorunda fəaliyyət göstərmələrinin mümkünlüyünü diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirərək, iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün biznes forumlarının keçirilməsinin və biznes missiyalarının mübadiləsinin əhəmiyyətli olacağını vurğulayıb. O, həmsöhbətə Azərbaycanın iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafı, rəqabətə davamlılıq göstəriciləri və xarici sərmayəçilər üçün yaradılmış cəlbedici imkanlar haqqında ətraflı məlumat verib.

Tərəflər Azərbaycanın enerji sahəsində zəngin təcrübəsini nəzərə alaraq, bu sahədə də əməkdaşlıq imkanlarını müzakirə edib.

Şərhlər