"Bu səfər xor baxan qüvvələri sakitləşdirəcək" - Ekspert rəyi

06.10.2015 12:48     Siyasi reaksiya     2164

Xəbər verildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Reaksiya.az Türkiyəli generalın Azərbaycana səfərinin görünməyən tərəflərini, səfərin Azərbaycan üçün nə kimi əhəmiyyət kəsb edəcəyini araşdırıb. Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərovla, Türkiyəli ekspert Timuçin Mərcanoğlu sualları cavablandırıb.

Üzeyir Cəfərov ordu generalının səfərinin hər iki ölkə üçün olduqca əhəmiyyət kəsb etdiyini bildirib: “Türkiyə Silahlı Qüvvələrində hər ilin avqust ayında dəyişikliklər həyata keçirilir. Hulusi Akar da silahlı qüvvələrin baş qərargah rəisi olaraq ilk səfərini əvvəlki sələfləri kimi Azərbaycana etdi. Bu da çox normal haldır. Ancaq onun səfəri bir sıra gərgin məqamlarla müşayət olundu. Ona görə ki, Türkiyənin Suriyada əməliyyatları, Rusiyanin Suriyaya müdaxiləsi, regiondakı gərginlik və digər məsələlər əlbəttə ki, müzakirə mövzusudur. Eyni zamanda Dağlıq Qarabağla bağlı məsələ də yəqin ki, Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə müzakirə olunub. Bu, təbiidir, çünki son vaxtlar Azərbaycana qarşı bəzi qüvvələr tərəfindən haqsızlıqlara yol verilir. Hesab edirəm ki, bu səfər də bir qədər həmin o etirazlı başları,  Azərbaycan-Türkiyə müttəfiqliyinə  xor baxan qüvvələri sakitləşdirəcək. Bu görüşün müsbət nəticələri çox olacaq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında çox böyük əməkdaşlıq, birgə planlar mövcuddur, hərbi təlimlər keçirilir. O cümlədən,  Azərbaycan Türkiyədən zərbə helikopterləri almaq haqqında danışıqlar aparır. Bütün bunların fonunda Hulusi Akarın ölkəmizə səfəri Türkiyə ilə yanaşı Azərbaycan üçün də çox əhəmiyyətlidir”.

Timuçin Mərcanoğlu isə bildirib ki, Türkiyə Azərbaycana dəstək verərək Rusiyaya Ermənistan üzərindən cavab verməkdədir: "Rusiya prezidenti Vladimir Putinin 24 apreldə İrəvanda sözdə “soyqırım”ı qəbul edən bir açıqlama ilə Ermənistana dəstək verməsi Türkiyəni narahat etmişdi. Həmçinin Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması və ötən gün Rusiyanın bir hərbi təyyarəsinin türk hava sərhəddini pozması da Türkiyənin etirazına səbəb olmuşdu. Bu iki hadisə çərçivəsində baş qərargah rəisi Hulusi Akarın Azərbaycana səfəri son günlərdə Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginlikdə Azərbaycana dəstək olmaq kimi qiymətləndirilə bilər. Həmçinin, Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması və Əsəd rejiminə dəstək verməsinə qarşılıq Türkiyə də Azərbaycanla hərbi əlaqələrini gücləndirmək niyyətindədir". 

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul edib. Ölkə başçısı bu səfərin iki ölkənin əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacağını bildirib. Ordu generalı Hulisi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını, hər iki ölkə prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndirilənəcəyini vurğulayıb.

Şərhlər