Elçin Quliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

07.10.2015 10:03     Siyasi reaksiya     2085

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və  dövlət sərhədlərinin  bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub.

Qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Görüş zamanı general-polkovnik Elçin Quliyev dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində  Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə ordu generalı Hulusi Akarı “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif edib.

Şərhlər