"Putin Qarabağı bizə qaytaracaqmı?" - SORĞU

07.10.2015 17:31     Siyasi reaksiya     2224

Bu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür. Onun 63 yaşı tamam olur.

Reaksiya.az sosial şəbəkədə “Rusiya prezidenti Vladimir Putinin yenidən prezidentliyə gəlişindən sonra Azərbaycan Rusiya münasibətləri istiləşməyə doğru getdi. Ekspertlər hesab edirlər ki, bu hal Dağlıq Qarabağ münaqişəsinin həll edilməsilə nəticələnə bilər. Siz necə, ekspertlərin rəyi ilə razısınızmı? Həmçinin Putinin hazırkı dünya siyasi müstəvisində rolunu necə qiymətləndirirsiniz?" sualı ilə sorğu keçirib.

Sorğuda iştirak edənlərin fikirləri birmənalı olmayıb. Bəziləri Putinin yürütdüyü siyasəti dəstəkləyərək, bu siyasətin azərbaycanlıların xeyrinə olacağını bildirib. Bəziləri isə Rusiya əleyhinə fikirlər səsləndirib.

Kamil Tağıyev ekspertlərin fikirləri ilə razılaşmayıb: “Ekspertlərin qənaəti yalnışdır. Qarabağ münaqişəsi yalnız Rusiyanın demokratikləşməsi fonunda müsbətə doğru həll oluna bilər, əks halda Rusiya maraqlı olacaq ki, bu günkü status-kvo qorunub saxlanılsın".

Rəşid Həsən Mustafazadə Rusiya var olduqca münaqişənin həll olunmayacağını söyləyib: “Rusiya regiondan yox olmasa, dağılmasa, zəifləməsə, münaqişənin tam həlli mümkünsüzdür”.

Yunis X.Mirzəyev qeyd edib ki, Rusiya dağılası dövlәtdir, hәlә hәrbi gücü tükәnmәyib.

Rauf Qubadov isə Putinin siyasətini dəstəkləyib: “Dünyada iki güc və iki söz sahibi var, ABŞ və Rusiya. Putinin apardığı siyasət biz azərbaycanlıların xeyrinədir. Rusiyada yaşayan azərbaycanlıların yaşayış tərzi buna sübutdur”.

Səbuhi Rəhimli sorğumuza sualla cavab verib: “Rusiya hansısa münaqişəni həll edibmi, bu vaxta qədər?”.

Qurban Rzayev sorğuda iştirak edənlərdən fərqli olaraq daha geniş və ətraflı fikir bildirib: “Rusiya bizim qonşumuzdur, böyük və qüdrətli dövlətdir, sıx əlaqələrimiz var. Dövlətimizin də bu gün Rusiya ilə yürütdüyü siyasət ürəkaçandır, amma Rusiyanın Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll etməsinə bu və ya digər dərəcədə inanmaq, bel bağlamaq çox sadəlövlük olardı. Allah bilir, millətimin başına hansı papaqlar ölçülüb-biçilir, çox müəmmalı və şübhəli görünür. Biz azərbaycanlılarda bir məsəl var: "Kasıbın haqqını əlindən al, sonra qaytar özünə, deyəcəkdir ki, Allah balanı saxlasın". Məgər Qarabağı bizdən Rusiya alıb ermənilərə vermədimi? Uzun müddət bizi öz əsarətində saxlayan, əzəli torpaqlarımızı paramparça, didik-didik edən, əzəli torpaqlarımızda qondarma "dövlət" yaradan, həmişə "parçala və hökm sür" siyasəti yürüdən, daima öz maraqlarını güdən bir siyasət stereotipləri, hətta Pyotr vəsiyyətləri ilə ta qədimdən bu günədək idarə olunan, tarixi müqavilələrlə torpaqlarımızı ona-buna pay-püşk edən, həmişə bizə qarşı işğalçılıq siyasəti yürüdən, təbii sərvətlərimizə əl qoyan, bizi daima qorxu və təzyiq altında saxlayan, torpağımızı, yurdumuzu qana bələyən bir dövlətdən bundan sonra nəsə ummaq heç doğru olmazdı. MDB məkanında dərin kök atmış, "metastaz vermiş" münaqqişələrin hansına öz yardım əlini uzadıbdır ki, indi də bizim Qarabağımızı, işğal altında olan torpaqlarımızı özümüzə qaytara? Rus siyasəti bütün müstəvilərdə bir Domokl qılıncı kimi başımızın üstündən asılıb, hər an boynumuzu üzməyə hazırdır, sadəcə biz "mehriban düşmənlər" olaraq beləcə qalmalı, mədəniyyət, ticarət, təhsil, tibb, elm və s. bu kimi sahələrdə Rusiya ilə dərin əlaqələr qurmaqdan faydalanmalıyıq, amma siyasətdə yox. Birinə deyirlər ki, ədə, Əzrayıl o tərəfdə bala paylayır, get birini də sənə versin. Cavabında deyir ki, qardaş, onun balası mənə lazım deyil, təki mənim öz balama dəyməsin. İndi də Rusiya. O, sadəcə, barmağını, mışqılını ermənilərin arxasından çəksin, o zaman Azərbaycan öz torpaqlarını, ərazi bütövlüyünü çox sadə bir şəkildə, qısa zamanda, beynəlxalq qanunlara uyğun şəkildə həll edə bilər. Hətta ermənilər müharibəni davam etdirmədən Azərbaycanın diktə etdiyi şərtlərlə sülh müqaviləsinə də imza atarlar. Qoy Putin "böyük qardaşımız" olaraq qalsın, gəlin onu "narahat" eləməyək, qoy Suriya, İraq səmalarında meydan sulasın, terrorun kökünü kəsmək adı altında dinc insanların evlərini, cəsədlərini göyə sovursun, "sərçəyə topdan atəş açmaq" siyasətini davam etdirsin. Qarabağı özümüz almalıyıq, atalar çox gözəl deyib: doğanın başına bütün el yığışsa da faydası yoxdur, güc doğanın özünə qalıb. Rus siyasəti Putin "dostumuzun" timsalında məzmunca yox, formaca dəyişib, yəni hər şey mahiyyət etibarilə yerindədir. Nədənsə, biz ani, ötəri bir təbəssümdən, mehribançılıqdan tez çaşırıq, hər şeyi unuduruq. Qoy cavanlarımız getsin Rusiya şəhərlərində "cavanlıqlarını" etsinlər, Rusiya bazarlarında atamanlıq etsinlər, bir sözlə kef eləsinlər (Kinayə!), amma torpaqlarımızın taleyini Rusiyaya tapşırmayaq. Bu, sadəcə, qoyunu (torpaqlarımızı nəzərdə tuturam) qurda tapşırmaq kimi bir şeydir. Xülasə, biz öz müstəqilliyimizi möhkəm qorumaqla, milli dəyərlərimizə sahib çıxmaqla, ölkəmizin bütün sahələrində qanunun aliliyini təmin etməklə,  iqtisadiyyatımızı gücləndirməklə, insanlarımızın rifahını yaxşılaşdırmaqla, vətənpərvərliyi, Vətənə sevgini, təhsilimizi və s. daha da inkişaf etdirməklə hər şeyə nail ola bilərik. Xalqımız hər şeyə qadirdir”.

Şərhlər