MSK şikayətləri araşdırıb - QƏRAR

08.10.2015 01:24     Siyasi reaksiya     1715

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi özü tərəfindən 95 saylı Tərtər seçki dairəsi üzrə irəli sürülmüş Əliyeva Pünhanə Sədi qızı 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd P.S.Əliyeva müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 95 saylı Tərtər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, namizədliyinin müdafiəsi üçün seçici imzaları toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi özü tərəfindən irəli sürülmüş P.S.Əliyevanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün seçici imzaları Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydaların pozulması ilə toplanılmışdır.

Namizəd P.S.Əliyeva ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.

Araşdırma prosesində imza vərəqələrinə daxil edilmiş seçicilərdən 114-nün 95 saylı Tərtər seçki dairəsinin ərazisində yaşamadığı, qeydiyyatda olmadığı və həmin seçki dairəsi üzrə seçici siyahılarında adlarının olmadığı müəyyən edilmişdir.

Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə görə namizədin müdafiəsi üçün azı 450 seçici imzası onun irəli sürüldüyü seçki dairəsinin ərazisində toplanmalıdır.

Namizəd P.S.Əliyevanın müdafiəsi üçün toplanmış seçici imzasından yuxarıda qeyd edilən əsaslara görə 114-nün etibarsız hesab edildiyi və qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olduğu üçün, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.

Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının P.S.Əliyevanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 3 oktyabr 2015-ci il tarixli 11/84 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 95 saylı Tərtər seçki dairəsi üzrə irəli sürülmüş Əliyeva Pünhanə Sədi qızının 5 oktyabr 2015-ci il tarixli 31 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 11/84 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

***

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndəsi Əhmədov Yasin Əhməd oğlu 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş Əhmədli Dünyamin Əhməd oğlunun imza vərəqələrinə və seçki sənədlərinə baxılmamış saxlanılmasına dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə müraciətində göstərmişdir ki, Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş D.Ə.Əhmədlinin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər seçki sənədləri 2015-ci il oktyabrın 2-si saat 9.00-da dairə seçki komissiyasına təqdim edilmiş, bu barədə ona arayış verilmiş, lakin dairə seçki komissiyası 3 oktyabr 2015-ci il tarixli 20/67 saylı qərarı ilə müddətin üzürsüz səbəbdən ötürülməsini əsas gətirərək təqdim edilmiş sənədləri əsassız olaraq baxılmamış saxlamışdır.

Dairə seçki komissiyası müvafiq qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndəsi imza vərəqələrini və digər seçki sənədlərini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə təqdim etdiyindən həmin sənədləri baxılmamış saxlamışdır.

Araşdırma prosesində müəyyən edilmişdir ki, səlahiyyətli nümayəndə Y.Ə.Əhmədov imza vərəqələrini və digər seçki sənədlərini 2015-ci il oktyabrın 2-də dairə seçki komissiyasına təqdim etmiş, bu barədə ona müvafiq arayış verilmiş, lakin arayışda sənədlərin qəbul edilməsi vaxtı (saatı) göstərilməmişdir. Bu hal mübahisə predmeti olduğundan deputatlığa namizədin xeyrinə həll edilməlidir.

Belə olan halda imza vərəqələri və ona əlavə edilmiş seçki sənədləri qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmiş hesab edildiyindən müraciət əsaslı hesab edilərək təmin edilməli, dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/67 saylı qərarı ləğv edilməli və deputatlığa namizəd D.Ə.Əhmədlinin namizəd kimi qeydə alınması üçün təqdim edilmiş sənədlərin mümkün qədər qısa müddət ərzində araşdırılması vəzifəsi dairə seçki komissiyasına həvalə edilməlidir.

Seçki Məcəlləsinin 112.9-cu maddəsinə əsasən, yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 112.1-ci, 112.9-cu maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndəsi Əhmədov Yasin Əhməd oğlunun 5 oktyabr 2015-ci il tarixli 32 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, 41 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/67 saylı qərarı ləğv edilsin.

2. Deputatlığa namizəd Əhmədli Dünyamin Əhməd oğlunun namizəd kimi qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədlərinin mümkün qədər qısa müddət ərzində araşdırılması vəzifəsi həmin seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

***

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Ağasif Şakir oğlu 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin dairə seçki komissiyasına namizəd kimi qeydə alınması üçün təqdim etdiyi seçki sənədlərinə əsassız olaraq baxılmadığını bildirmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd A.Ş.İbrahimov müraciətində qeyd etmişdir ki, namizədliyinin qeydə alınması üçün imza vərəqələrini və digər seçki sənədlərini dairə seçki komissiyasına müəyyən edilmiş müddətdə vermiş, lakin həmin komissiya əsassız olaraq təqdim edilmiş sənədlərin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd A.Ş.İbrahimov imza vərəqələrini və ona əlavə olunmuş digər seçki sənədlərini dairə seçki komissiyasına 2015-ci il oktyabrın 2-si saat 18:34-də təqdim etmiş və o, bu barədə müvafiq arayışa imza etmişdir.

Araşdırma prosesində müəyyən olunmuşdur ki, namizədin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədləri həqiqətən müvafiq dairə seçki komissiyasına seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də onun sənədləri baxılmamış saxlanılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.3-cü bəndinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini Seçki Məcəlləsində qeyd edilən müddətdə saat 9.00-dan 18.00-dək qəbul edir. Qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri qanunla müəyyən olunmuş müddətdə verilmiş imza vərəqələrinin doğurduğu hüquqi nəticəni yaratmır.

8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyası namizəd A.Ş.İbrahimovun namizəd kimi qeydə alınması üçün təqdim edilmiş müvafiq sənədlərlə əlaqədar düzgün nəticəyə gəldiyindən, müvafiq dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 24/1 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Ağasif Şakir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 34 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 24/1 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

***

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abıyev Raqif Malik oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci hissəsinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə və 4.1.2-ci bəndinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abıyev Raqif Malik oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 38 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

***

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Cəmil Malik oğlu 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş və müvafiq qərar qəbul etmək yolu ilə pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd C.M.Hacızadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlərini 2 oktyabr 2015-ci il tarixdə saat 17:38-də dairə seçki komissiyasına təqdim etməyə cəhd etsə də, dairə seçki komissiyası onun sənədlərini qəbul etməmiş, sonradan isə sənədlərin son qəbuletmə vaxtının ötürüldüyü bildirilərək sənədlərin qəbul edilməsindən imtina edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, C.M.Hacızadə Milli Məclisə seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürməsi haqqında Bildirişlə 23 sentyabr 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının 27 sentyabr 2015-ci il tarixli 19/2 saylı qərarı ilə namizədliyi təsdiq edilmiş, 1 oktyabr 2015-ci ildə namizədliyin müdafiəsi məqsədilə seçici imzalarının toplanılması üçün imza vərəqələri verilmişdir. 2 oktyabr 2015-ci ildə saat 15:55-də onun müraciəti əsasında daha bir imza vərəqəsi verilmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından təqdim edilmiş 2 oktyabr 2015-ci il tarixli akt və 6 oktyabr 2015-ci il tarixli məktubdan görünür ki, deputatlığa namizəd C.M.Hacızadə imza vərəqələrini və ona əlavə edilmiş sənədləri dairə seçki komissiyasına təqdim etmək üçün 2 oktyabr 2015-ci ildə, saat 18:00-dan sonra müraciət etmişdir. Ona Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələbləri izah edildikdən sonra o, müvafiq seçki sənədlərini dairə seçki komissiyasına verməkdən imtina etmişdir.

Seçki Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək müvafiq seçki komissiyasına təqdim edilməlidir.

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyin qeydə alınması üçün sənədlərin son təqdimetmə vaxtı 2 oktyabr 2015-ci il saat 18:00-da başa çatır.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.3-cü maddəsində göstərilir ki, dairə seçki komissiyaları imza vərəqələrini Azərbaycan Respublikasının Seçki Məcəlləsində qeyd olunan müddətdə saat 9:00-dan 18:00-dək qəbul edir. Qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri qanunla müəyyən olunmuş müddətdə verilmiş imza vərəqələrinin doğurduğu hüquqi nəticəni yaratmır.

Göstərilənlərə əsasən deputatlığa namizəd C.M.Hacızadənin dairə seçki komissiyasının hərəkətsizliyinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58.1-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasənqərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Cəmil Malik oğlunun 5 oktyabr 2015-ci il tarixli 33 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Şərhlər