İnsan haqları üzrə İşçi qrupu bəyanat yayıb

09.10.2015 00:58     Siyasi reaksiya     1561

"Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir"

Azərbaycanda fəaliyyət göstərən insan haqları üzrə İşçi qrupu Avropa Şurası(AŞ) baş katibi Turbörn Yaqlandın öz nümayəndəsini həmin qrupa göndərməyəcəyi ilə bağlı açıqlamasına cavab bəyanatı hazırlayıb.

Reaksiya.az-ın məlumatına görə, bəyanatda işçi qrupunun 2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət yaradıldığı qeyd olunub. Bəyanatda həmçinin bildirilir: “Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulayıb.

Lakin anti-Azərbaycan qüvvələri, o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstəriblər. İşçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırıb, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olub. Baxmayaraq ki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilib”.

Bildirilir ki, 2014-cü ildə AŞ-nin baş katibi Turbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş edib və Azərbaycan prezidenti buna razılıq verib: Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il oktyabrın 22-də keçirib. Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə edib və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlayıb. Bundan əlavə, birgə işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilib, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilib”.

Bəyanatda qeyd olunur ki, qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunan 16 nəfər azad edilib, 1 nəfərin cəza müddəti azaldılıb: “Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət edib.  Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.

Biz, birgə işçi qrupunun üzvləri əminik ki, beynəlxalq hökumətlərarası təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə, hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir.

Hesab edirik ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.

İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!”.

Şərhlər