"Cəmil Həsənlini heç adama saymıram" - Araz Əlizadə

09.10.2015 11:59     Siyasi reaksiya     2667

Xəbər verildiyi kimi noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək.

Dünən sosial şəbəkədə Milli Məclisin növbəti tərkibinin kimlərdən ibarət olacağı barədə qeyri rəsmi siyahı açıqlanıb.

Siyahıda əks olunmuş maraqlı məqamlardan biri də 35 saylı Xətai üçüncü seçki dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Əlizadə Araz Məmməd Mübariz oğlunun adının qeyd edilməsidir.

Xatırladaq ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid partiyasının sədri İqbal Ağazadə 2 çağırış ard-arda millət vəkili seçilib. Və bu il də həmin dairədən namizədliyini irəli sürüb.

Reaksiya.az hər iki namizəddən yayılmış bu xəbərə, ümumiyyətlə bu tipli qeyri rəsmi siyahılara münasibət öyrənib.

Ümid partiyasının sədri İqbal Ağazadə bu kimi siyahıları normal qarşıladığını söyləyib:  “Hər kəs öz qənaətini bildirə, mətbuatla bölüşə bilər. Hər kəsin qənaətinə, fikrinə hörmətlə yanaşıram. Bu barədə şərh verməyə heç ehtiyac belə duymuram. İnsanlar azaddır və dairələrə baxıb düşüncələrini, siyasi mövqelərini ifadə edə bilərlər. Nə var ki burda?!”.

İqbal Ağazadədən fərqli olaraq Araz Əlizadə məsələyə çox kəskin mövqe bildirib: “Həmin siyahını yayan Cəmil Həsənlinin nə dediyi, nə çərənlədiyi məni maraqlandırmır. Amma bir məqamı qeyd etmək istəyirəm, prezident seçkilərində Cəmil Həsənli dedi ki, deputat mandatları ya satılır, ya da peşkəş edilir. Mən ona sual verdim ki, sənə satıblar, yoxsa peşkəş ediblər. Cavab verməyə kişiliyi çatmadı. Nə oldu, toydan sonra nağaradımı, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Araz Əlizadəyə mandat versəydilər, çoxdan verərdilər. Bir məqamı da qeyd edim ki, onun tərəfdarı olan İqbal Ağazadəyə neçə dəfə mandat veriblər, bəs niyə ondan yazmır?! Pişiyin əli ətə çatmayanda deyir ki, iy verir. Özü bilir ki, mübarizəyə girişsə, məğlub olacaq, çünki onun gücü yoxdur. 97 partiya, 101 QHT birlikdə beş faiz səs topladılar. Odur ki, ona mən heç fikir vermirəm, onu heç adama saymıram. Yadınızdadırsa, prezident seçkiləri zamanı mən ona “U” deyirdim, onun tərəfdaşları isə ona “Coni” deyirdilər və it boğuşdururdular. Deyirdilər, “Coni, onu boğ!””. 

Şərhlər