Seçicilərdən Fuad Muradova dəstək - FOTOLAR

10.10.2015 01:45     Siyasi reaksiya     2153

Xəbər verdiyimiz kimi noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olanların  rəsmi şəkildə təbliğatına bu gün start verildi. 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradov da təbliğat-təşviqat kampaniyasına elə bu gün başlayıb.

Gənc namizəd ilk olaraq bu gün rayonun Zığ yolu 12a, 12b, 14a, 16, 22, 22a, 22b, 22v, 26 ünvanlarında seçicilərlə görüşlər keçirib. Seçicilərlə görüşdə Fuad Muradov bildirib ki, hər bir Azərbaycan vətəndaşı güclü, sosial təminatlara malik, iqtisadi cəhətdən qüdrətli, azad və demokratik dövlətdə yaşamağa layiqdir. Bu gün Azərbaycan dövləti öz vətəndaşları üçün bu şəraiti yaradıb və hər bir azərbaycanlı dövlətimizin bu istiqamətdə daha da irəli getməsi üçün əlindən gələni etməlidir.

“Mən 2005-2015-ci illərdə Səbail rayonundan Milli Məclisin deputatı olmuşam. Həmin dövrdə 10 mindən çox seçici ilə fərdi şəkildə görüşmüş, 1000-ə yaxın ailənin sosial və s. probleminin həllinə yardımçı olmuşam. Məqsədimiz dəyişməzdir – Xalqa xidmət, Dövlətə dəstək!” deyə Fuad Muradov bildirib.

Seçicilər Fuad Muradova onların yaşadığı dairədən namizədliyini irəli sürdüyünə görə təşəkkürlərini bildiriblər. Fuad Muradovun millət vəkili kimi fəaliyyətindən xəbərdar olduqlarını qeyd edən seçicilər 1 noyabrda onu dəstəkləyəcəklərini ifadə ediblər.

Qeyd olunub ki, bu gün ölkəmizin inkişafında xidmət göstərən insanlar Millət vəkili olaraq xalqı təmsil etməlidirlər. Fuad Muradov isə buna ən layiq namizədlərdəndir. Xətai sakinləri dəyişməz məqsədə, xalqa xidmət edən namizədə səs verəcəklərini xüsusi vurğulayıblar.

Şərhlər