Gənclər təşkilatlarının ikinci milli konqresi keçiriləcək

11.10.2015 01:17     Siyasi reaksiya     1503

Bakıda gənclər təşkilatlarının ikinci milli konqresi keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konqresdə dövlət rəsmiləri, beynəlxalq gənclər platformalarının və ölkənin dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Konqres ölkədəki bütün gənclər təşkilatlarını əlaqələndirmək, onlara yeni tərəfdaşlıq əlaqələri qurmağa imkan yaratmaq, gənclərlə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etmək məqsədilə həyata keçirilir.

Tədbir zamanı gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı dövlət rəsmiləri, beynəlxalq gənclər platformalarının nümayəndələrinin çıxışları dinləniləcək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına prioritetləri əsasında panel müzakirələri həyata keçiriləcək.

Konqresdə iştirak üçün gənclər təşkilatlarının müraciətləri onlayn qeydiyyat vasitəsilə qəbul olunacaq. Tədbir haqqında ətraflı məlumat almaq istəyənlər suallarını [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məlumat üçün qeyd edək ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkil olunması ilə bağlı təşəbbüs ilk dəfə 2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Daha sonra 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub. Konqresdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq qurumlar və mətbuat orqanlarının nümayəndələri iştirak edib.

Şərhlər