"Türkiyə üçün canımızı verərik" - VİDEO

12.10.2015 10:45     Siyasi reaksiya     2010

Azərbaycan millət vəkili Qənirə Paşayeva Ankarada baş verən terror hadisələri ilə bağlı Doğan Haber Agentliyinin (DHA)  müxbirinə açıqlama verib.

Reaksiya.az xəbər verir ki, Qənirə xanım Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu xatırladıb: “Türkiyə də bizim vətənimizdir. Yeri gələndə canımızı da qurban verərik”.

O, Türkiyədə baş verən terror hadisələrini lənətləyib: “Bu terror hadisəsi yalnız Türkiyə daxilində yaşayanları deyil, Türkiyənin sərhədləri xaricində yaşayan türkləri də eyni dərəcədə kədərləndirib. Azərbaycan prezidenti İlham Əliyev başda olmaqda Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarımız, hər kəs bu məsələdə qardaş Türkiyənin yanındadır”.

Millət vəkili Türkiyənin üzərində oyunlar oynamaq istəyən xarici qüvvələrin olduğunu bildirib: “Türkiyəni zəiflətmək istəyən qüvvələr başa düşməlidir ki, Türkiyə təkcə Türkiyə vətəndaşlarının deyil, Türkiyənin sərhədləri xaricindəki türk respublikalarında və cəmiyyətlərində yaşayan milyonlarla insan üçün də vətən qədər əzizdir. Türkiyəni parçalamaq istəyən xarici qüvvələrin məqsədi Türkiyənin inkişaf etməməsi və zəifləməsidir, Türkiyəni o bölgədə istədikləri kimi istədikləri istiqamətə çevirməkdir. Güclənən Türkiyənin olmasını istəmirlər. Türkiyəni zəiflətmək istəyən xarici və daxili qüvvələr birləşmiş vəziyyətdədir. Bunun acısını isə adi insanlar çəkir. Bunların ruhu qandan qidalanır. Bu qüvvələr məqsədlərinə çatmayacaq. Bu terroru edənlər bunun hesabını verəcəklər”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də Türkiyədə baş verən hadisələrin Azərbaycan xalqını dərindən yaraladığını söyləyib: “186 nəfər deyil, milyonlar yaralanıb”.

O, həmçinin terror hadisəsindən dərin üzüntü duyduğunu da qeyd edib: “Azərbaycanda dünən hər kəsin tək danışdığı məsələ Türkiyədə baş verən bu amansız terror hadisəsidir”.

Umud Mirzəyev Azərbaycan Mətbuat Şurasının adından da Türkiyədə baş verən terror hadisəsinə lənət oxuduqlarını vurğulayıb.

Şərhlər