"Sevincimdən gözlərim doldu" - Eksklüziv açıqlama

12.10.2015 11:07     Siyasi reaksiya     2107

“Hörmətli sədrdə ədalətin üzünü görmək sanki Allahın üzünü görmək kimi idi. Və məndə bir daha fəxr hissi oyandı ki, nə yaxşı mən azərbaycanlıyam və nə yaxşı ki, bu şərəfli yolda addım atmışam”.  

Bu sözləri Reaksiya.az-a eksklüziv açıqlamasında müğənni, bəstəkar, millət vəkilliyinə namizəd Elza Seyidcahan bildirib.

Dünən Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Elza Seyidcahan sevinc hissini gizlədə bilməyib: “Mərkəzi Seçki Komissiyasının sədri hörmətli Məzahir Pənahov dünənki iclasda məni çox gülərüzlə, hörmətlə qarşıladı, imzalarımın qeydə alınması münasibətilə təbrik etdi, alicənablıqla yola saldı. Məzahir Pənahovun gülərüzü ilə qarşılaşanda, hakim xoş xəbəri oxuyarkən gözlərim doldu, ancaq özümü saxladım”.

Elza Seyidcahan son vaxtlar barəsində səslənən fikirlərə də aydınlıq gətirib: “Başıma gələn bu hadisələrdən həm kədərlənirəm, həm də sevinirəm. Kədərlənirəm ona görə ki, bəzən barəmdə heç bir zaman mənə yaraşmayan, gözləmədiyim sözlər, fikirlər ortaya çıxır. Mən hər zaman dövlətimə, partiyama sadiq, xalqımıza sadiq vətənpərvər bir incəsənət xadimiyəm. Sevinirəm ona görə ki, heç bir zaman bəzi sözlər mənə yaraşmaz. Biz hər zaman xalqın içində oluruq, xalqımızı vətənə, dövlətə, partiyamıza xidmət etməyə çağırırıq. Yeni Azərbaycan Partiyasının həsr etdiyim bir əsərim də var, himndir... İnşaallah o gün olsun ki, xoş xəbərlər eşidim, simfonik orkestrlə bəstələdiyim himni YAP-ın gəncləri ilə birlikdə dünyaya yayaq. Sevinirəm ona görə ki, ağı qaradan ayıra bilən hüquqşünaslarımız və bir daha deyirəm ki, dövlətimizin keşiyində duran MSK-nın ədalətinə sığındım, hüquqlarımı müdafiə etdim. Bir daha deyirəm, fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Millət vəkilliyinə namizəd xanım mətbuatın tez-tez fikirlərini təhrif etdiyini vurğulayıb: “MSK-nın son qərarından sonra ilk müsahibəni məhz sizə verirəm. Və xahiş edirəm ki, digər saytlar da nöqtə və vergülünə belə toxunmasınlar”.

Şərhlər