Gülüstan müqaviləsi: Həqiqət və yalan? - SORĞU

12.10.2015 15:28     Siyasi reaksiya     2506

Tarixdə bu gün Gülüstan müqaviləsinin imzalandığı günü kimi qeyd edilir.

12 oktyabr 1813-cü ildə  Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış Gülüstan müqaviləsi Azərbaycan ərazisini Rusiya ilə İran arasında iki yerə böldü. Bu, Azərbaycan ərazisini bölən ilk müqavilə idi. Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqaviləsinin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

Reaksiya.az “Gülüstan müqaviləsi Azərbaycan üçün nələri qazandırdı və nələri itirdi?” sualı ilə sosial şəbəkədə sorğu keçirib. Sorğuda iştirak edənlər tarixi hadisə ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Cəmil Tağıyev Azərbaycan xalqının bu hadisədən ibrət götürməli olduğunu bildirib: “Bu tarix çox ibrətli bir dərsdir. Hərə özünü bir dərədə xan elan edəndə xaraba olan yurd olar. Bu tarixdən ibrət götürüb daim bir olmağa çalışmalıyıq, biz ayrı olduqca söz sahibi xaricilər olacaq”.

Qalib Rəhimov mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin bu tarixi hadisəyə həsr etdiyi poemasını xatırlayıb: “Bu, çox ağrılı bir tarixdi. Həmin müqavilə ilə böyük və bütöv Azərbaycan ikiyə bölündü. Biz sonralar SSR adllı ittifaqda, Cənubi Azərbaycan isə fars şovinizmin əsarətində qaldı. Bir dövlət, bir millət ikiyə bölündü. Saysız-hesabsız qohumlar, qan qardaşları bir-birindən ayrı düşdü və çoxları bu həsrətlə də dünyasını dəyişdi. Böyük şair Bəxtiyar Vahabzadənin Cənub həsrəti yaradıcılığının ən qaynar çağlarında "Gülüstan" adlı poemaya çevrildi. Biz onlardan-cənubdan yaşayan qardaşlarımızdan nisbi mənada fərqli yaşadıq. Dilimiz, təhsilimiz, milli mənəvi dəyərlərimiz oldu. Amma fars əsarəti o taylı insanlarımıza göz açmağa imkan vermədi. Və ən başlıcası farsla rus şovinizmi bütöv Azərbaycanın varlığına imkan vermədi”.

Elnur Niftəliyev Gülüstan müqaviləsini Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalının birinci mərhələsi adlandırmağın daha doğru olduğunu vurğulayıb: “Gülüstan müqaviləsi bizim üçün sadəcə tarixin arxiv səhifəsi deyil. Azərbaycan iki yerə bölündü. Müqavilə əsasında basdırılmış sərhəd dirəkləri hələ də bizim üçün aktual məsələ, problem olaraq qalır. Azərbaycanın tarixi ərazisinin Rusiya və İran arasında bölünməsini sovet dönəmində başqa cür aşılıyırdılar. Onun xalqımızın həyatında müsbət rolundan, Azərbaycanın Rusiyaya "könüllü” birləşdirilməsindən danışırdılar. Amma bu, həqiqəti dəyişmirdi”. 

Şərhlər