"Azərbaycan əsas tərəfdaşımızdır" - Gürcü hökumət başçısı

13.10.2015 01:37     Siyasi reaksiya     1770

"Gürcüstanın Azərbaycanla qarşılıqlı münasibətlərinə yenidən baxış keçirməyə ehtiyac yoxdur. Azərbaycanla əlaqələrimiz və strateji tərəfdaşlığımız həmişə olub, var və dövlətimizin, hökumətimizin əsas istiqamətlərindən biri olaraq qalır.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib.

Onun sözlərinə görə, bəzi siyasətçilər bildiriblər ki, Gürcüstan təbii qaz sahəsində Azərbaycan ilə öz siyasətinə  yenidən baxa bilər. Baş nazir bu fikirləri absurd adlandırıb və  müxalifət partiyalarının nümayəndələrinin belə bir absurd mövzu icad etdiyinə təəccübləndiyini deyib. "Qazprom" ilə danışıqlar haqqında fikrini bildirən İ.Qaribaşvili Azərbaycan qazının heç bir ölkənin qazı ilə əvəz olunmayacağını vurğulayıb.

Gürcüstanın baş naziri jurnalistlərə açıqlamasında şənbə günü  Bakıda işgüzar səfərdə olduğunu və səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə çox yaxın və dost ölkələrimiz arasında münasibətləri, eləcə də onların dərinləşdirilməsi perspektivlərini müzakirə etdiklərini bildirib

Xatırladaq ki, hazırda Gürcüstan təbii qazı Rusiyanın Ermənistana verdiyi qaz boru kəməri vasitəsilə tranzit daşınmanın 10%-ni ödəniş formasında alır və  Gürcüstanın əsas qaz idxalçısı Azərbaycandır.

Şərhlər