Qənirə Paşayeva ön cəbhədə seçicilərilə görüşdü - FOTOLAR

13.10.2015 11:30     Siyasi reaksiya     2160

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində seçicilərlə görüşüb, söhbət edib, qayğı və problemlərlə maraqlanıb.

Reaksiya.az xəbər verir ki, ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu  söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Millət vəkili olduğu 10 il ərzində ildə ən azı 10-12 dəfə Ağdam kəndini ziyarət etdiyini, seçicilərin qayğı və təkliflərini dinlədiyini və onların həlli istiqamətində Milli Məclisdə çıxışlar etdiyini və hökumət üzvləri ilə müzakirələr apardığını deyərək fəaliyyətində hər zaman ön cəbhə kəndlərinin özəl yer tutduğunu vurğulayıb:

"10-larla ölkənin səfirləri ilə birlikdə Ağdam kəndini ziyarət etdiyimiz zaman  Ermənistanın təcavüzkarlıq siyasətini sizinlə birlikdə onlara geniş şəkildə çatdırmışıq. Ağdam kəndinin dəyərli sakinləri hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olaraq düşmənə layiqli cavab veriblər və biz hər zaman sizinlə fəxr edirik”.

Ön cəbhədə yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan millət vəkili Qənirə Paşayeva dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyib, bu sahədə görülən işlərdən danışıb və həllini gözləyən problemlərdən, onların həlli istiqamətində müvafiq nazirliklərlə müzakirələrinin nəticələri barədə geniş məlumat verib. 

Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin önəmindən söz açıblar və bununla bağlı millət vəkili Qənirə Paşayevaya  Milli Məclisdə bir neçə dəfə Ermənistanla ön cəbhə kəndləri ilə bağlı xüsusi dövlət proqramının qəbul olunması, güzəştlər edilməsi  ilə bağlı məsələ qaldırdığı üçün təşəkkür edərək onu daim diqqətdə saxlamasını istəyiblər.

Millət vəkili bildirib ki, bir neçə gün əvvəl komitələrdə gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı yenə də Ermənistanla ön cəbhə kəndlərinə bəzi güzəştlər edilməsini, 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edib.

Qənirə Paşayeva, xüsusilə ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması, ön cəbhə kəndlərinə sərmayə qoyuluşunun  artırılması və sosial yardımların təyin edilməsində müəyyən dəstəyin göstərilməsi ilə bağlı təkliflər irəli sürdüyünü diqqətə çatdırıb, eyni zamanda orta məktəb müəllimlərinin  diaqnostik qiymətləndilirməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımına təsiri ilə bağlı önəmli məsələ olduğunu, bu rayonların arasında ilkin mərhələdə Ermənistanla ön cəbhə rayonlarının da olmasını vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndirib, bu istiqamətdə təkliflər və xahişlərlə çıxış edib.

Cənab Prezidentin dəstəyi ilə yeni su anbarının tikintisinin böyük əhəmiyyətini xüsusi vurğulayan millət vəkili su ilə bağlı problemlərin böyük bir hissəsinin öz həllini tapmasında yenicə başa çatan bu böyük layihənin önəmindən danışıb.

Qənirə Paşayeva Ağdam sakinlərinin  köhnə elektrik naqilləri və transformatorların dəyişilməsi ilə bağlı müraciətini  “Azərişıq” ASC-nin sədri Balababa Rzayev  ilə danışdığını və onun yaxın günlərdə bu məsələyə böyük önəm veriləcəyinə dair söz verdiyini deyib.

O, eyni zamanda "Azəriqaz" İB-nin rəhbəri Əkbər Hacıyevlə kəndə təbii qazın verilməsində problemlərin yaranmaması üçün müzakirələr apardığını da vurğulayıb. Görüş zamanı su təhcizatı, məktəb və bağça ilə bağlı müəyyən problemlər ətrafında da müzakirələr aparılıb və millət vəkili onların həlli istiqamətində müvafiq qurumlara təkrar müraciətlər edib. 

Sakinlərlə  görüşdə millət vəkili Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı seçki platformasından da danışıb, sualları cavablandırıb.  Millət vəkili ön cəbhədə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Qənirə Paşayeva, həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.

Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb.  Sakinlər özəlliklə ön cəbhə kəndlərində iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu  xüsusi vurğulayıblar.

Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər aparıb, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Qənirə Paşayeva onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. 

Kənd sakinləri Qənirə Paşayevanın 10 illik millət vəkili fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman Ağdam sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyərək “Siz Milli Məclisdə və getdiyiniz hər bir ölkədə bizim səsimiz oldunuz, etimadımızı doğrultdunuz  və hər zaman bizim yanımızda oldunuz. Biz  də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz” fikirləri ilə Qənirə Paşayevaya xeyir-dua verib, uğurlar diləyiblər.

Millət vəkili Agdam kəndinin bütün sakinlərinə dərin təşəkkürünü bildirib və “Bu etimadınızı doğrultmaq üçün yorulmadan çalışacam” deyib.     

Şərhlər