"Prezidentin reallığı dilə gətirməsi bir xəbərdarlıqdır"

13.10.2015 11:50     Siyasi reaksiya     2327

“Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər”.

Reaksiya.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman deyib.

Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır: “Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik”.

 “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Reaksiya.az-a açıqlamasında bildirib ki, cənab prezidentin reallığı dilə gətirməsi beynəlxalq və regional təşkilatlara bir xəbərdarlıqdır: “Bu gün Ermənistan Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunması Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Hazırkı beynəlxalq münasibətlər şəraitində bir daha cənab prezidentin reallığı dilə gətirməsi və Azərbaycanın torpaqlarının işğalı ilə barışmayacağını ifadə etməsi hesab edirəm ki, əslində problemin həlli ilə bağlı üzərinə öhdəçilik götürmüş beynəlxalq və regional təşkilatlara bir xəbərdarlıqdır. Bilirik ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var, o qətnamələr icra olunmur. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının mandatına uyğun olaraq problemin həlli ilə bağlı xüsusi qurum formalaşdırılıb. Biz indi ATƏT-in Minsk qrupu deyirik və onlar beynəlxalq mandat daşıyırlar. Ancaq çox təəssüf ki, həmsədr ölkələr problemin həlli ilə bağlı ciddi bir irəliləyiş əldə edə bilməyiblər. Əksinə olaraq biz həmsədr olan ölkələrin səfirlərinin dilindən tez-tez elə sözlər eşidirik ki, “cəbhə xəttində atəşkəsin pozulması, vəziyyətin gərginləşməsi bizi narahat etdi”. Əslində onları Azərbaycan torpaqlarının işğal altında olması narahat etməlidir. Çox təəssüf ki, onlar atəşkəsin pozulmasından narahatdırlar”.

Politoloq, həmçinin onu da vurğulayıb ki, bu ciddi xəbərdarlıqdan, bu ciddi ismarıcdan müvafiq qurumlar, müvafiq təşkilatlar konkret nəticə çıxarmalıdırlar: “Bəzi hallarda biz görürük ki, münaqişənin həllində vasitəçi olan qurumlar sanki status kvonun saxlanması üçün cəhd göstərirlər, problemin həlli üçün yox. Buna görə də mən hesab edirəm ki, cənab prezidentin xəbərdarlığı həmin ünvanlara idi və Azərbaycan xalqının siyasi iradəsinin bir daha nümayiş edilməsi idi ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu problemi həll etmək lazımdır, problem hansı yolla olursa olsun, mütləq həll olunacaq. Yaxşı olar ki, beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq münasibətləri formalaşdıran siyasi aktorların iradəsi ilə formalaşdırılmış müstəvidə həll olunsun. Olmasa belə Azərbaycan bir şəkildə öz torpaqlarını işğaldan azad edəcəkdir”.

Şərhlər