Füzuli seçiciləri parlament seçkilərinə çox fəal başlayıblar - FOTOLAR

13.10.2015 14:30     Siyasi reaksiya     2475

84 saylı Füzuli seçki dairəsindən V çağırış Milli Məclisin deputatlığına YAP-ın namizədi olan Bahar Muradovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü oktyabrın 10-da Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz şəhərindəki Muğam evində təşkil olunub.

Reaksiya.az xəbər verir ki, 400-dən artıq seçicinin iştirak etdiyi bu tədbir yüksək əhval-ruhiyyə şəraitində keçib. YAP-ın çoxsaylı fəalları öz namizədlərini və onun vəkillərini coşqu ilə qarşılayıblar.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verib və onun vəkillərini görüş iştirakçılarına təqdim edib. Təşkilatın sədri və vəkillər öz çıxışlarında V çağırış parlament seçkilərini böyük siyasi və əlamətdar hadisə kimi dəyərləndirərək Azərbaycanın bugünkü həyatında onun əhəmiyyətini xüsusi qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, respublikamız müstəqillik əldə etdiyi müddət ərzində, xüsusilə də ümumilli liderimiz Heydər Əliyevin və onun ideyalarını yorulmadan, əzmlə və uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan böyük bir yol keçib, dünya xəritəsində özünəməxsus nüfuza sahib çıxıb. Seçkilərdə rayon ağsaqqalar şurasının sədri Məcnun Namazəliyev, şəhid ailəsinin üzvü Fəridə Quliyeva, təqaüdçü Tehran Hacıyev, gənc müəllimə Gülbahar Eyvazova və Nəriman Nəsirov söz alaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-ın namizədlərinə səs verəcəklərini bildirərək Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağını əminliklə ifadə etdilər. Namizədi müxtəlif cəhətdən xarakterizə edən seçicilər YAP-nın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini bəyəndiklərini ifadə edərək ona bu siyasi kompaniyada uğurlar arzulayıblar.

Seçiciləri qarşısında çıxış edən Bahar Muradova görüş iştirakçılarını salamlayaraq YAP-ın namizədi olaraq ona göstərilən etimada görə partiya rəhbərliyinə və hal-hazırda parlamentdə təmsil etdiyi Füzuli rayonunun seçicilərinə minnətdarlığını bildirib. O, ölkə prezidenti və YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan dövləti və Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti barədə danışaraq hər kəsi ölkəmizin taleyinə biganə qalmamağa, Heydər Əliyev yadigarı olan YAP-ın ideologiyasına sadiq qalmağa çağırıb. O, eyni zamanda son illər ərzində respublikamızda görülmüş işlər və dünyada baş verən prosseslər barədə məlumat verib və ölkə rəhbərliyinin bununla bağlı mövqeyini tədbir iştirakçılarına açıqlayıb. Bahar Muradova eyni zamanda parlament seçkilərində hər kəsi fəal olmağa çağırıb və seçki günü öz iradələrini seçki məntəqələrində ifadə etməyə dəvət edib, seçildiyi halda isə öz seçicilərinin etimadını layiqincə doğrultmaq üçün bütün səy və bacarığını əsirgəməyəcəyini bildirib. 

Şərhlər