“Daxildə elə qüvvələr var ki, ..." - Mütəllim Rəhimli

14.10.2015 12:35     Siyasi reaksiya     2209

Xəbər verildiyi kimi, deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, hazırda təqribən 1000 nəfərə yaxın deputatlığa namizəd qalıb. 

Reaksiya.az noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri öncəsindəki vəziyyəti dəyərləndirmək üçün Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimliylə əlaqə saxlayıb. O, baş verən proseslər barədə bəzi açıqlamalar verib.

Ədalət Partiyasının rəsmisi parlament seçkilərinin dünyada və regionda baş verən gərgin siyasi situasiya şəraitində keçiriləcəyini vurğulayıb: “Nəzərə almalıyıq ki, Azərbaycanın yerləşdiyi bölgədə vəziyyət getdikcə daha da pisləşir. Xüsusilə, Rusiya və Qərb arasındakı münasibətlərin dramatikləşməsi buna daha çox təsir edir. Beynəlxalq təşkilatlar və bəzi dövlətlər də fürsətdən istifadə edərək Azərbaycana qarşı təzyiq alətlərini işə salıb. Avropa İttifaqı parlamentinin qərarı,  ATƏT-in seçkiləri müşahidə etməkdən imtina etməsi və s. bu qəbildəndir”.

M. Rəhimli ölkə daxilində də seçkilərin baş tutmasını istəməyən qüvvələrin olduğunu bildirib: “Təəssüf ki, daxildə elə qüvvələr var ki, seçkilərin baş tutmaması, onun nəticələrinin beynəlxalq qurumlar tərəfindən tanınmaması üçün səy göstərir, bu istiqamətdə təbliğat aparırlar. Ölkəmizdə parlament seçkilərinin demokratik keçirilmədiyini sübut etməyə çalışırlar. Lakin hansısa şər qüvvələrin əlində vasitəyə çevrildiklərini, ümummilli maraqlara, dövlətçilik ənənələrinə zərər vurduqlarını dərk etmirlər”.

Aparat rəhbəri, həmçinin ölkədə seçki ab-havasını hiss edilmədiyini də söyləyib: “Bütün bunlara baxmayaraq respublikamızda hələ fəal seçki ab-havası da hiss edilmir. Görünür, bu da təbliğat-təşviqat mərhələsinin yenicə başlaması ilə əlaqədardır. Ancaq müşahidə olunan maraqlı bir məqam da vardır. Bu da seçkilərdə iştirak edən tərəflərin, siyasi qüvvələrin konfrantasiyaya getməməsidir. Düşünürəm ki, bu amil seçkilərin nəticələrinə müsbət təsir göstərəcək”.

Şərhlər