"İşğala görə Ermənistanı heç kəs məzəmmət etmədi"

14.10.2015 13:02     Siyasi reaksiya     1996

1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul edib.

Qətnamədə bildirilib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Dağlıq Qarabağ ərazisini qeyri-şərtsiz tərk etməlidir.

Qətnamənin qəbul edilməsindən 22 il ötməsinə baxmayaraq hələ də bu, icra olunmayıb və torpaqlarımız düşmən tapdağı altındadır.

Politoloq Zərdüşt Əlizadə qətnamənin icra edilməməsinin səbəbləri haqda Reaksiya.az-a açıqlama verib.

Politoloq beynəlxalq təşkilatın özünün bu məsələdə maraqlı olmamasını deyib:

“Beynəlxalq hüquq kağız üzərində yazılmış mətndir. Bunun icrası üçün mütləq güc olmalıdır. Gücün olması, tətbiq edilməsi üçün mütləq siyasi idarə olmalıdır. Bu qətnaməni qəbul edən böyük dövlətlər ABŞ, Fransa, Rusiya onlar da əslində Ermənistanın havadarlarıdır. Onlar bunu “xala xətrin qalmasın” qəbul etdilər. Əvvəla, orda biclik işlətdilər, onlar qətnamadə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin adı yazmadılar, hansısa mücərrəd erməni qüvvələri yazdılar. Ermənistan da deyir ki, Dağlıq Qarabağın özünün silahlı qüvvələri var. Sübut olundu ki, xeyr orda Ermənistan ordusunun zabitləri və əsgərləri var. Ondan sonra da heç kəs bir söz demədi. Başqa dövlətin ərazisinin işğalına görə Ermənistanı heç kəs məzəmmət etmədi. Bundan əlavə, beynəlxalq hüquqda güc tətbiqi hüququ yalnız BMT-nin Təhlükəsizlik Şurasına verilir. Orda da veto hüququ olan 5 dövlət var, onlardan da 3-ü Ermənistanın havadarıdır. Və onlar heç vaxt razı olmazlar ki, Ermənistana qarşı hansısa bir güc tətbiq edilməsi barədə qərar çıxsın”.

Qeyd edəki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 874 nömrəli qətnamə ilə yanaşı 822, 853, 884 nömrəli qətnamələr də qəbul edib. 

Şərhlər