Milli Məclisin tribunasından belə sözlər səslənirsə... - Ekspert rəyi

15.10.2015 12:32     Siyasi reaksiya     2072

Prezident İlham Əliyevin hökumətin son iclasında səsləndirdiyi tənqidi fikirlər ölkə gündəmində əsas müzakirə mövzusuna çevrilib. Dövlət başçısının inhisarçılıq, qanunsuz yoxlama və lisenziyalaşdırma, sahibkarların incidilməsi ilə bağlı fikirləri bütün instansiyalarda müzakirə olunmaqda, mütəxəssislər tərəfindən təhlil edilməkdədir.

Milli Məclisin dünənki iclasında da bu mövzu aktual olub. Millət vəkilləri Yevda Abramov və Fəzail Ağamalı öz çıxışlarında sərt fikirlər səsləndirərək gömrükdəki monopoliyaya qarşı açıq hücuma keçiblər. Qeyd edək ki, Prezident hökumətin iclasında bir sıra sahələrlə yanaşı, istehsal və idxaldakı inhisarçılığı da sərt tənqid etmişdi.

Xatırldaq ki, hər zaman ehtiyatlı davranan millət vəkillərinin Milli Məclisdə ilk dəfə bu formada mövqe göstərməsi hər kəsdə maraq doğurub. Bir çoxları elə düşünür ki, həmin millət vəkilləri yaxın olduqları qruplaşmanın maraqlarından çıxış edirlər. Bəziləri də iddia edir ki, hər iki deputat çıxışları ilə Milli Məclisə keçiriləcək seçkilər öncəsi piar qazanmağa çalışırlar.  

Reaksiya.az millət vəkillərinin gözlənilməz çıxışlarının arxasında əslində nələrin durduğunu araşdırmağa çalışıb. Politoloq Tofiq Abbasov səslənən fikirlərə münasibət bildirib, ümumiyyətlə, bu məsələni geniş şəkildə analiz edib.  

Politoloq ilk əvvəl gömrükdə mövcud olan neqativ hallardan danışıb: “Gömrüklə və digər fiskal orqanlarla bağlı  əlbəttə ki, cəmiyyətdə çox böyük narazılıqlar var. Hər bir insan əgər dövlət sərhədini keçirsə, ya Azərbaycandan xaricə, ya da xaricdən Azərbaycana gəlirsə, ilk növbədə bizim vətəndaşlardan söhbət gedir, təbii ki, narazılıqlarla qarşılaşırlar. Bu, nədən ibarətdir?! Birincisi, gömrük əməkdaşları bir çox hallarda öz səlahiyyətlərini aşırlar, vətəndaşlarla çox kobud rəftar edirlər. Deyərdim ki, etinasızlıq göstərmək, psixoloji təzyiq etmək onların sanki adətinə çevrilib. Çox qəribə bir durum yaranır ki, Azərbaycan vətəndaşları ölkəyə geri qayıdanda onlara çox kobud və anlaşılmaz bir münasibət sərgilənir. Ölkəyə qayıdan yerli vətəndaş, bu ölkənin yiyəsi sayılan vətəndaş onların gözündə düşmən obrazına çevrilir. Xüsusən də Bakı hava limanındakı gömrük işçiləri xarici qonaqları görəndə “mil dururlar”, ancaq Azərbaycan vətəndaşlarına kobudluq göstərirlər. Bu çox incə və aktual məsələdir. Azərbaycan vətəndaşı ölkəsinə qayıdırsa və əlbəttə ki, heç bir qanunu pozmayıbsa, qadağan edilmiş əşyaları, malları gətirmirsə, nəyə görə ona qarşı bu qədər nifrət olmalıdır. Nə özlərini təqdim edirlər, nə qadın-kişi sayırlar. Bu iradları təsdiq etmək üçün xeyli sayda sübutlar, dəlillər var. Və hər bir vətəndaş bunu təsdiq edə bilər. Mən özüm də dəfələrlə bu neqativ hallarla rastlaşmışam”.

Tofiq Abbasov daha sonra deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib: “Millət vəkillərinin ilk öncə borcu ondan ibarətdir ki, ilk növbədə vətəndaşların hüquqlarını qorusunlar, onların əziyyət çəkdikləri problemlərlə bağlı məsələləri gündəmə gətirsinlər və nəticədə problemlərin həlli yollarını tapmağa kömək etsinlər. Məncə, hər bir millət vəkilinin çıxışına qarşıdan gələn parlament seçkiləri prizmasından baxmaq, qiymətləndirmək düzgün olmaz. Əsasən də elə məqamlar var ki, həqiqətən də millət vəkilləri bu barədə danışırlarsa, narazılıqları özünü göstərirsə, demək burada onun üçün zəmin var. Kritik baxımdan yanaşıb onları piar məsələsində suçlamaq, ittiham etmək yerinə düşmür. Parlament çox ciddi bir meydandır və orada danışılan, irəli sürülən hər bir fikir ciddi şəkildə qiymətləndirilməlidir. Məndə olan məlumata görə hətta ölkə başçısı İlham Əliyev tərəfindən də gömrüyün fəaliyyətinin vacib xidmət sahəsi kimi ASAN Xidmətə keçirilməsi barəsində belə fikirlər irəli sürülüb.  Prinsip etibarilə hər iki deputat çox yerində və aktual məsələyə toxunublar və bir daha həm parlament rəhbərliyinin, həm də ictimaiyyətin diqqətini ona cəlb edirlər ki, problem öz həllini tapsın. Bu məsələlərin həllinə ciddi yanaşılmalıdır. Kimlərsə kimlərdənsə əvəz çıxmaq istəyirsə, qarşı tərəfin mövqeyini zəiflətməyə çalışırsa, bu, ikinci məsələdir. Milli Məclisin tribunasından belə sözlər səslənirsə, bunları ciddi qəbul etmək lazımdır, reallığın kontekstinə yaxınlaşdırmaq lazımdır. Çünki ölkə rəhbərliyinin özü də şəxsən bu orqanların fəaliyyətindən bir o qədər də razı deyil”.

Şərhlər