“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - 12 illik prezidentlik dövrünə ötəri baxış

15.10.2015 15:45     Siyasi reaksiya     2454

Tarixdə bu gün Azərbaycanın yeni yüksəliş dövrünün başlanğıc günüdür.

2003-cü ilin 15 oktyabrında Azərbaycan Respublikasının baş naziri İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin edib. 2003-cü ildən sonra 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərində də İlham Əliyev növbəti dəfə qələbə qazanıb.

2003-cü ilin oktyabrından sonra keçirilən hər prezident seçkisində İlham Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı elan edilib.

Ümummilli lider Heydər Əliyev barəsində “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən İlham Əliyev çox keçmədən ona olan ümidləri doğrultmağı bacarıb.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” söyləyən dövlət başçısı seçildiyi gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verib.

Millət vəkili Aydın Mirzəzadə Reaksiya.az-a açıqlamasında İlham Əliyevin prezident seçilməsinin Azərbaycan xalqı üçün kəsb etdiyi tarixi əhəmiyyətdən danışıb:

“Cənab İlham Əliyevin Azərbaycanın dördüncü prezidenti seçilməsi onun siyasi fəaliyyətinə, Azərbaycan cəmiyyətində yüksək nüfuzuna, eyni zamanda Azərbaycanın inkişafı ilə bağlı irəli sürdüyü fikirlərə verilən yüksək qiymətdir. O, ilk müstəqillik illərindən Azərbaycanın ictimai-siyasi həyatında aktiv iştirak edirdi. Hətta uzaq 1990-cı ilin Qanlı 20 yanvarından sonra atası Heydər Əliyevlə  birlikdə bütün hədələrə və təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və Azərbaycan xalqının övladı kimi həmin faciəyə etirazını bildirmişdi. Sonradan Yeni Azərbaycan partiyasının yaranmasında, Naxçıvanın sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak etmişdir. Sonrakı fəaliyyəti də onun bir gənc lider kimi yetişdiyini, Azərbaycanın taleyüklü problemlərinin həllini öz üzərinə götürmə iqtidarında olduğunu göstərir. Heç təsadüfi deyil ki, 2003-cü ilin oktyabr ayında cənab prezident ilk dəfə seçilərək böyük problemlərin həllinə başladı. Apardığı siyasət qısa müddətdə öz böyük uğuruna gətirdi. Birinci beşillik fəaliyyət Azərbaycan cəmiyyətində qeyri neft sektorunun inkişafı, sosial problemlərin həllində ciddi addımların atılması, artıq 2008-ci ildə regionlarda qaçqın düşərgələrinin ləğv edilərək insanları daha rahat və şəraiti olan yerlərə köçürülməsi ilə yadda qaldı. İkinci dəfə prezident seçildikdə cənab İlham Əliyev artıq Azərbaycanı inkişaf etmiş dövlətlər qurupuna doğru ciddi addımlar atacağı ilə bağlı böyük bəyanatlar verdi və bu bəyanatlar özünü doğrultdu. 2003-cü ildə Azərbaycanın büdcəsi 1.1 milyard dollar idisə, 2015-ci ildə, artıq bu rəqəm 25 milyard dollara gəlib çatıb. Prezidentin fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, təbii sərvətlərinə sahiblik etməsində, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın çox qətiyyətli mövqe tutması ilə bağlıdır. Cənab prezident cəmiyyətə, sadə vətəndaşa yaxın bir insandır. Onun tez-tez regionlara səfər etməsi, sadə insanlarla görüşməsi, cəmiyyətin ayrı-ayrı təbəqələrinin problemlərinə yaxından bələd olması müvafiq addımlar atmasına səbəb olmuşdur. Bu gün də Azərbaycan xalqı cənab prezidentinin rəhbərliyi ilə öz dövlətçiliyini möhkəmləndirir, müstəqilliyini qoruyub saxlayır və qarşıda duran problemlərini həll edir”.  

Şərhlər