Millət vəkili Prezidentə təşəkkür etdi

20.10.2015 09:42     Siyasi reaksiya     2124

“Cənab Prezidentin lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutan Fərmanı mühüm bir addımdır və sahibkarlığın inkişafına özünün böyük müsbət təsirini göstərəcək”.

Reaksiya.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva mətbuata açıqlamasında bildirib.

Q.Paşayeva, bu mühüm addıma görə ölkə başçısına minnətdarlığını bildirib: “Eyni zamanda verilən tapşırıqlara uyğun olaraq bu gün cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini göndərməsi sahibkarlar üçün, sahibkarlığın inkişafı üçün çox önəmli bir hadisə, böyük addımdır. 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı qanun layihəsinin sabah Milli Məclisdə hamı tərəfindən dəstəklənəcəyinə inanıram. Çünki qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı istiqamətində çox gözəl və mühüm addımdır. Dəstəkləyirik və seçicilərimiz və öz adımızdan cənab Prezidentimizə təşəkkür edirik”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev tərəfindən sahibkarlıq fəaliyyətində yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı Milli Məclisə göndərilən sənəd parlamentə daxil olub. Bu gün “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanun layihəsi Milli Məclisin IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə ümumən 34 məsələ daxildir. Dörd maddədən ibarət qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə nəzərdə tutulub.

Şərhlər